Kamal Abdullanın “Casus” tamaşası Milli Teatrda nümayiş olunacaq

Kamal Abdullanın “Casus” tamaşası Milli Teatrda nümayiş olunacaq Oktyabrın 30-da Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Casus” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq.

Nümayiş Akademik Milli Dram Teatrının “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində həyata keçiriləcək. Layihənin məqsədi bölgə teatrlarının yaradıcı həyatını stimullaşdırmaq, gənc rejissorların quruluş verdiyi tamaşaları paytaxt tamaşaçılarına təqdim etməkdir.

Yeni layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Lənkəran Dövlət Dram Teatrının repertuarında olan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissor Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıələsgərlidir.

Səhnə əsərində Xalq artisti Qabil Quliyev (Dədə Qorqud), Əməkdar artist Sucəddin Mirzəyev (Qazan xan), aktyorlar Buludxan Buludov (Bayandur xan), Qızılgül Quliyeva (Boğazca Fatma), Aynur Əhmədova (Burla xatun), Miraslan Ağayev (Şirşəmsəddin), Allahverən Babayev (Bəkil), Əbülfəz Axundov (Aruz qoca) və Saleh Əzimzadə (Beyrək) çıxış edəcək.

“Casus” sirr və onun açılması üzərində qurulub. Əsərdə Dədə Qorqud obrazı hadisələrin axarını istiqamətləndirir. O, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana söyləyir. Ancaq Boğazca Fatmanı da məsələdən xəbərdar edən özü olur. Dədə Qorqud Oğuzun təəssübkeşi kimi çıxış edir. Məhz bu səbəbdən casusun kim olduğunu söyləsə də, o biri yandan da məsələyə insani mövqedən yanaşır, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir. Niyə, nə səbəbə? Oğuz elinin bilicisi niyə Oğuz elinə xəyanət edən bir casusu hifz edir?

Tehsil-press.az

Oxşar xəbərlər