Ahıl şairlərin incidilməsi...

Ahıl şairlərin incidilməsi... Böyük şairimiz Bəxtiyar Vahabzadə ilə qiyabi tanışlığımız vardı, heç zaman üzbəüz söhbət etmək imkanım olmadı. Həmişə (4-5 dəfə) telefonla danışdıq. Yalnız bir dəfə, nəşriyyatda yaxından gördüm, yaxınlaşıb özümü təqdim edə bilərdim, etmədim, səhhətinin problemli vaxtıydı, qoluna girənlər vardı, ona görə də 1 dəqiqəlik də olsa şairi yolundan saxlamadım.

Bəxtiyar müəlim daimi oxucumuz idi, xoşuna gələn yazı olurdusa, mütləq zəng edirdi. Ana dilimizin bilicisi, qoruyucusu olduğu üçün qəzetin dilində sapıntı olduğu zaman tövsiyələr verirdi.

Şairin ən üstün keyfiyyəti gənclərə diqqətiydi. O, vaxtaşırı “Azərbaycan” və “Ulduz” ədəbi jurnallarında hansısa istedadlı gəncin şeirlərini “Uğurlu yol” resenziyası yazaraq çap etdirirdi. Bir yaxşı şeir, hekayə, məqalə oxuyanda özü yazıbmış kimi sevinirdi.

Belə bir unikal adam idi Bəxtiyar müəllim, ürəyi xalqla, sadə camaatlaydı. Kimsəsizlərin dayağıydı. Neçə-neçə tələbənin ümid yeri olmuşdu, iş tapa bilməyən gənc alimlərə iş düzəltmişdi. Nüfuzluydu, onun sözünü yerə salmırdılar, o da hər gün tanıdığı, tanımadığı adamların xahişini edir, savab iş görürdü.

Bu yaxınlarda BDU-nun professoru Vaqif Sultanlı Bəxtiyar müəllim haqqında bir neçə parlaq xatirəsini danışdı, birini burada yazıram ki, şairin ürəyi haqqında təsəvvür aydın olsun. Vaqif müəllim danışır: “Yaşı və işi ilə bağlı Bəxtiyar müəllim az dərs deyirdi, amma elə olurdu ki, imtahanı özü götürürdü. Bəzən imtahanlarda onun assistenti olurdum. Öncədən mənə deyirdi ki, tələbədirlər, yaxşı oxuyanı, zəif oxuyanı var, birdən çəkdiyi biletin suallarına cavab verməyəni olar, əsəbiləşərəm, uşağn qiymətini kəsərəm. Görsən ki, əsəbiləşmişəm, qiymət kitabçasını əlimdən al, özün “yaxşı” yaz, heç kəsə “üç” yazma, təqaüddən kəsilməsinlər”.

Ancaq ömrünün ahıl çağında gənc yazarlar onun haqqında nələr yazdılar. Şairə ünvanlanan ən böyük ittihamlardan biri “övladlarına gün ağlayıb” idi. Sanki yüzlərlə başqalarını işə düzəldən professor övladlarını cəmiyyətdə öz yerlərini tutmasına kömək etməli deyilmiş. Yazdıqlarına ilişdilər, əsərlərini təftiş etdilər, gah “quru yazır” dedilər, gah “başdan-ayağa pafosdur” yazdılar. Ən pisi o oldu ki, şairin sovet dövründə yazdığı “Gülüstan” poemasındakı cəsarətli, rus və fars şovinizmini ittiham edən fikirlərini nəzərdə tutaraq, “DTK-nın icazəsi ilə” yazdığını iddia etdilər.

Bir sözlə, bu böyük ədibə, böyük pedaqoqa, böyük vətənpərvərə qarşı hörmətsizlik etdilər. O da dünyanı tutub durmadı, bir gün vəfat etdi, tənqidlər, iradlar sona yetdi. Şairdən bizə əsərləri və işıqlı xatirəsi qaldı.

Onu “vuranlar” isə ədəbiyyatda iz qoymadılar, bir yerə çıxmadılar, nə düz-əməlli şöhrət qazandılar, nə də ucuzlaşmış söz bazarında pul-para, mənsəb-filan. Çünki ədəbi əsərlərə verilən qiymət də, şair və yazıçılara qoyulan hörmət də keçmişlərdə qalmışdı. Onlardan qalan yeganə şey klassikləri və müasir şöhrətli ədibləri “darmadağın etmək” presedenti oldu və bu, ənənə şəklini alaraq günümüzdə də davam edir.

Yenə bir-birini qəbul etməyən, pisləyən gənc yazarların intəhasız ambisiyaları (çoxunun xəyalından Nobel mükafatı keçir) aşıb-daşır, özlərindən öncə yazıb-yaratmış parlaq imzaları “yıxıb-sürüyür”, pisləyirlər, ortada isə özlərinə aid ciddi bir əsər yoxdur. Həm dövran o dövran deyil, həm də təfəkkür və istedad o deyil.

Nəticədə nə görürük? Klassik şair-yazıçılarımızın növbə ilə təftiş edilməsi və yerdən-yerə vurulmasını. Özü də bunu ortabab, sıradan biri olan ədiblərə qarşı etmirlər, əsasən ədəbiyyatda iz və söz qoymuş ədəbi simalara qarşı edirlər. Səməd Vurğunun təftişi və “əsl şair olmadığı sübut ediılib”, Sabir “vurulub”, Mirzə Cəlil “haqsız çıxarılıb”, Vaqif “məhv edilib”, Mikayıl Müşviq “sovet rejimini təbliğ edib”, Anarın, Ramiz Rövşənin “demontajı” davam edir və sair və ilaxır. Bu günlərdə artıq Məmməd İsmayıl da hədəfə gəlib. O da “şair deyilmiş”. Hələ növbədə Hüseyn Cavid, Əli Kərim, Məmməd Araz, Hüseyn Arif, Nüsrət Kəsəmənli və başqaları da var.

Belədirsə, bəs bu şeir yazanlar özləri şeir yazmağı haradan öyrəniblər, kimdən bəhrələniblər? Özlərindən qabaq “əsl şair olmayıb” axı.

Söz yox, istənilən şairin, yazıçının yaradıcılığında zəif əsərlər də tapmaq olar. O zəif əsərlər yaxşı, parlaq əsərlərin vəsiləsidir, ilk pillələridir, ədib qədəmini onların üstünə basaraq ən üst mərtəbəyə qalxır və gerçək şah əsərini yaradır. Bu zəif mətnləri əldə tutarqa edərək, ədibi “yerlə bir etmək” isə cılızlıq və cığallıqdır.

Bu cür sağı-solu qırmanclayan yazarlar heç vaxt ədəbiyyatda qalıcı imza ola bilmirlər. Dünənə atdıqları güllə bir müddətdən sonra bazuka mərmisinə çevrilib onların üstünə gəlir.

Tövsiyə eşidən olsalar, deyərdik ki, enerjinizi, vaxtınızı daha yaxşı mətnlər yazmağa sərf edin, tikanlı atmacalarla heç nə qazana bilməyəcəksiniz.

Tehsil-press.az

Oxşar xəbərlər