Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində ödənişsiz təhsil almaları üçün yerlər ayrılıb

Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində ödənişsiz təhsil almaları üçün yerlər ayrılıb “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq, 2017-2018-ci tədris ilində Azərbaycan Respublikası vətəndaşlarının Çinin ali məktəblərində təhsil almaları üçün yerlər ayrılıb.
Təhsil Nazirliyindən Təhsil-press.az-a bildiriblər ki, Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil almaları üçün ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Ali məktəbdə qeydiyyat, laboratoriya, təcrübə (internship), yataqxana və aylıq yaşayış xərcləri, təhsil haqqı, tədris materialları və s. üçün xərclər Çin tərəfdən ödənilir. Əlavə olaraq, Azərbaycan tərəfdən tələbələr üçün hər tədris ilində bir dəfə gediş-gəliş bileti edilir.
Çinin ali məktəblərində təhsil almaq istəyən şəxslərin seçimi Təhsil Nazirliyi tərəfindən həyata keçirilir, tələbələrin ali təhsil müəssisələrinə yerləşdirilməsi isə Çin tərəfdən aparılır.
Sazişə uyğun olaraq, hazırda 37 nəfər azərbaycanlı tələbə beynəlxalq əlaqələr, beynəlxalq iqtisadiyyat və ticarət, turizm, mülki və ticarət hüququ, politologiya və dövlət idarəçiliyi, yeni və ən yeni çin ədəbiyyatı, kommunikasiya və informasiya sistemləri, neft və təbii qaz mühəndisliyi, maşınqayırma mühəndisliyi, beynəlxalq maliyyə və investisiya və digər ixtisaslar üzrə Çinin yüksək reytinqli ali təhsil müəssisələrində təhsil alır.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatı Təhsil Nazirliyinin internet saytında əldə etmək mümkündür.

Təhsil-press.az

Oxşar xəbərlər