Azərbaycan Dillər Universitetində Çin dili mövzusunda seminar keçirildi

Azərbaycan Dillər Universitetində Çin dili mövzusunda seminar keçirildi Noyabrın 11-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə Çin dilinin tədrisi ilə bağlı elmi seminar keçirildi.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən müdiri, professor Rafiq Abbasov Azərbaycanda Çin dilinin tədrisinin perspektivlərindən, Çinin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələrin, o cümlədən Azərbaycan universitetlərində təhsil alan çinli tələbələrin sayının artmasından, iki ölkənin hökuməti tərəfindən qarşılıqlı təqaüdlərin təmin edilməsindən danışdı. O, Prezident İlham Əliyevin Çinə səfəri zamanı “2016-2019-cu illər üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında anlaşma memorandumu”nun imzalanması və Azərbaycan-Çin təhsil sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətini vurğuladı.
Seminarda çıxış edən Konfutsi İnstitutunun Çin tərəfindən müdiri xanım Li Jihua tələbə mübadiləsi, Konfutsi İnstitutunun təqaüdləri, Çində yay düşərgələri, Çin mədəniyyəti və tarixi üzrə keçirilən “Çin körpüsü” adlı müsabiqə haqqında bəhs etdi. Həmçinin, xanım Li Jihua xarici tələbələr arasında keçirilən HSK (Çin dili səviyyəsi imtahanı) imtahanının tarixi, strukturu, məzmunu və şərtləri haqqında məlumat verdi.
Sonda ötən tədris ilində Çinin Şenyan Pedaqoji Universitetində təhsil alan ADU tələbələri öz təəssüratlarını bölüşdülər.

ADU-nun Mətbuat Xidməti


Azərbaycan Dillər Universitetində Çin dili mövzusunda seminar keçirildi

Oxşar xəbərlər