Dövlət İmtahan Mərkəzinin nümayəndə heyəti Litvada təlimdə iştirak edib

Dövlət İmtahan Mərkəzinin nümayəndə heyəti Litvada təlimdə iştirak edib Dövlət İmtahan Mərkəzinin (DİM) beş nəfərlik nümayəndə heyəti bu il fevralın 6-dan 10-dək Litva Respublikasında səfərdə olub.

DİM-dən tehsil-press.az-a bildiriblər ki, səfərin əsas məqsədi dövlət qulluğu və insan resurslarının idarə edilməsi, dövlət qulluğuna kadrların seçilməsi, əməkhaqqı sistemi, dövlət qulluqçularının reyestr və informasiya sisteminin təkmilləşdirilməsi, dövlət qulluğu vəzifələrinin qruplaşdırılması kimi istiqamətlər üzrə Litva Respublikasının təcrübəsinin öyrənilməsi, bu sahələrdə həyata keçirilən islahatlarla tanışlıq və uğurlu təcrübələrin Azərbaycanda tətbiqi imkanlarının müzakirəsi idi.
Səfər çərçivəsində nümayəndə heyəti Litva Respublikasının Dövlət Katibliyində olub və Dövlət Katibinin müavini Alminas Maciulislə ikitərəfli görüş keçirib, ətraflı müzakirələr aparılıb. Sonra Litva Dövlət Qulluğu Departamenti, Avropa Sosial Fond Agentliyi və Dövlət qulluqçuları və bələdiyyə işləri üçün Təlim Mərkəzində müəyyən görüşlər keçirilib. Səfər çərçivəsində yuxarıda qeyd olunan istiqamətlər üzrə təqdimatlar edilib.
Təlim səfəri Avropa İttifaqının institusional quruculuq aləti olan Tvinninq layihəsi çərçivəsində həyata keçirilib. “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı layihəni Azərbaycan tərəfindən benifisiar təşkilat kimi Dövlət İmtahan Mərkəzi, Avropa İttifaqı tərəfindən isə Litva Respublikasının Dövlət Katibliyi, Litva Respublikasının Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyi həyata keçirməkdədir. Layihənin icrası müddətində növbəti səfərlərin təşkili nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər