İlham Əliyev: Təhlükəsizliyin və sabitliyin təmin edilməsi regional əməkdaşlığın qurulmasının mühüm elementidir

İlham Əliyev: Təhlükəsizliyin və sabitliyin təmin edilməsi regional əməkdaşlığın qurulmasının mühüm elementidir Təhlükəsizliyin və sabitliyin təmin edilməsi regional əməkdaşlığın qurulmasının mühüm elementidir.

Tehsinl-press.az-n məlumatına görə, bunu Prezident İlham Əliyev İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində çıxışı zamanı qeyd edib.
Dövlət başçısı qeyd edib: "Qarşılıqlı etimad və dəstəyə arxalanan münasibətlərimiz uğurla inkişaf edir. Qardaşlıq və həmrəyliyin göstəricisi kimi Pakistan ərazimizin 20 faizini işğal etməkdə davam edən Ermənistan dövləti ilə diplomatik münasibətlər qurmamışdır. Azərbaycan xalqı buna görə sizə çox minnətdardır.
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətə böyük əhəmiyyət verir. 2012-ci ildə başlayan sədrliyimiz dövründə biz təşkilatın daha da gücləndirilməsi istiqamətində bütün üzv dövlətlərlə birgə çalışmışıq. Təhlükəsizliyin və sabitliyin təmin edilməsi regional əməkdaşlığın qurulmasının mühüm elementidir. Təəssüf ki, yeni münaqişələr yarandıqca regionumuzda təhlükəsizlik və sabitlik daha da kövrək olur. Biz insan faciəsinin şahidi oluruq. Çoxlu sayda insanlar həyatlarını itirir, milyonlarla insan doğma yurdlarını tərk edir.
Azərbaycan öz təcrübəsindən bu ağrı və acıları yaxşı anlayır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi – tarixi torpağımız olan Dağlıq Qarabağ və ətraf yeddi rayonumuz işğal altındadır. Bu ərazilərdə etnik təmizləmə aparılmış və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə bütün tarixi abidələrimiz, məscidlərimiz və qəbiristanlıqlarımız dağıdılmışdır. Ermənistan 1992-ci ildə Azərbaycana qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 mülki şəxsdən 106-sı qadın, 63-ü uşaq, 70-i isə qoca olmuşdur. Min nəfərdən çox insan itkin düşmüşdür. Bu gün ondan artıq ölkə Xocalı soyqırımını tanımışdır. 2012-ci ildə Pakistan Senatının Xocalı soyqırımını rəsmən tanıdığına görə biz Pakistana təşəkkürümüzü bildiririk.
BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı və digər mötəbər beynəlxalq təşkilatlar bənzər qətnamə və qərarlar qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və son olaraq, 2016-cı ilin aprel ayında Ermənistan tərəfindən Azərbaycana qarşı edilmiş təcavüzlə bağlı nazirlər səviyyəsində kontakt qrupu yaradılmışdır. Ermənistan bu qətnamələrə əməl etməli və ya sanksiyalara məruz qalmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir".

Oxşar xəbərlər