Rusiyaya məhsul ixrac edənlərin işi asanlaşacaq

Rusiyaya məhsul ixrac edənlərin işi asanlaşacaq Rusiya-Azərbaycan sərhədində yerləşən “Samur” sərhəd-keçid məntəqəsində Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsi və Rusiya Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin əməkdaşları arasında növbəti işçi görüş keçirilib.

Təhsil-press.az DGK-ya istinadən bildirir ki, görüşdə ilkin məlumat mübadiləsi, yük-nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sinxronlaşdırılması və digər sahələrdə səylərin artırılmasının vacibliyi vurğulanıb.
Görüşdə son günlərdə Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının mənşəyinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi və müvafiq ekspert rəylərinin yubadılması qarşı tərəfin diqqətinə çatdırılıb və bildirilib ki, daşıdıqları yüklərə dair ekspertiza sənədləri adı ilə nəqliyyat vasitələrinin saxlanılması əlavə xərclərə, məhsulların sıradan çıxmasına, təyinat məntəqəsinə vaxtında çatmamasına səbəb olur.
Rusiya nümayəndə heyətinin üzvləri bu məsələ ilə bağlı müvafiq qurumları məlumatlandıracaqlarını, bundan başqa, yaxın günlərdə kənd təsərrüfatı məhsullarının ekspertizasının qısa vaxt ərzində və operativ şəkildə həyata keçirilməsi məqsədilə bu sahədə ixtisaslaşmış ekspertlərin sərhəd-keçid məntəqələrində fəaliyyətə başlayacaqlarını diqqətə çatdırıblar.
Görüşdə tərəflər qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsinin gücləndirilməsinin sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, ümumi işə fayda verəcəyinə əminliklərini ifadə ediblər.

Təhsil-press.az

Oxşar xəbərlər