Apreldən Azərbaycana "ərəblərin axını" başlayacaq

Apreldən Azərbaycana Azərbaycanda ilk dəfə olaraq, bu il aprelin 10-dan mayın 10-dək Bakıda keçiriləcək Birinci Şopinq Festivalının, eləcə də ondan sonra keçiriləcək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları, “Formula 1" yarışının baş tutacağı tarixlər üçün hotellərdə yerlərin bronlaşdırılmasına hələ martdan başlanılıb.

Bunu Təhsil-press.az-a Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
M.Ağakərimovun sözlərinə görə, şopinq festivalına ərəb ölkələri ilə yanaşı, İrandan, Rusiyadan və Avropa ölkələrindən də turistlərin gələcəyi gözlənilir. Artıq paytaxtdakı hotellərin, xüsusilə brend hotellərin yerlərinin çoxu bron edilib.
M.Ağakərimov əlavə edib ki, ümumilikdə aprel-may ayları üçün Azərbaycanın hotellərindəki yerlər daha çox ərəb turistlər tərəfindən bron edilib.
AzTA rəsmisi əlavə edib ki, şopinq festivalı yalnız alış-veriş etmək baxımından əhəmiyyətli deyil: "Bu festival ölkəyə turist cəlb etmək baxımından əhəmiyyətlidir. Ona görə də turizm şirkətləri və hotellər həm şopinq festivalına, həm də ondan sonra keçiriləcək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışına ciddi hazırlaşmalı və turistlər üçün əlavə proqramlar hazırlamalıdırlar".
Azərbaycana gələn əcnəbi turistlərin maraq dairəsinin ölkələr üzrə fərqli olduğunu deyən M.Ağakərimov bildirib ki, əlavə proqramlar da turistlərin maraq dairəsi nəzərə alınmaqla tərtib edilməlidir: “İrandan gələn turistlər daha çox Azərbaycanın mətbəxi, suvenirlərlə maraqlanırlar. Yaponiyadan gələn turistləri isə daha çox Azərbaycanın tarixi, onun qədim abidələri maraqlandırır. Buna görə də turizm şirkətləri onları maraqlandıran istiqamətlər üzrə proqramlar tərtib edə bilərlər. Məsələn, Avropadan gələnlər üçün şərab dequstasiyası, islam ölkələrindən gələnlər üçün Azərbaycana məxsus şirniyyyatlardan istifadə etməklə çay dequstasiyası təşkil edilə bilər. Avropadan gələnlər həmçinin, Azərbaycanın məscidləri ilə də maraqlanırlar. Belə turistlər üçün Azərbaycanın tolerant ölkə olduğunu göstərən proqramlar təşkil edilə, onların məscidlərə, kilsələrə, sinaqoqlara səfərləri təşkil edilə bilər”.
M.Ağakərimov qeyd edib ki, bu tədbirlərdən sonra Azərbaycana gələn turistlərin sayının artacağı gözlənilir. Onun sözlərinə görə, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarından sonra Azərbaycana Malayziya, İndoneziya kimi ölkələrdən də turistlərin gələcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, bu il aprelin 10-dan mayın 10-dək Bakıda Birinci Şopinq Festivalı, mayın 12-22-də İslam Həmrəyliyi Oyunları, iyunun 23-25-də Formula 1 yarışı keçiriləcək.

Təhsil-press.az

Oxşar xəbərlər