XİN: İtaliya Azərbaycan-Aİ münasibətlərinin intensivləşdirilməsini qətiyyətlə dəstəkləməyə davam edəcək

XİN: İtaliya Azərbaycan-Aİ münasibətlərinin intensivləşdirilməsini qətiyyətlə dəstəkləməyə davam edəcək Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanla İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə İtaliyaın xarici işlər naziri Ancelino Alfanoya məktub göndərib.
E.Məmmədyarov 25 il ərzində Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, habelə mədəniyyət və təhsil sahələrində əməkdaşlığın inkişafının məmnunluq doğurduğunu qeyd edib. 2017-ci ildə İtaliyaya rəsmi səfərini məmnunluq hissi ilə xatırladan E.Məmmədyarov bu səfərlərin iki ölkə arasındakı ikitərəfli və beynəlxalq strukturlar çərçivəsində əməkdaşlıq əlaqələrinin inkişafına, münasibətlərimizin dərinləşməsinə və keyfiyyətcə yeni mərhələyə qalxmasına təkan verəcəyinə əminliyini ifadə edib.
E.Məmmədyarov Azərbaycan və İtaliya arasında uğurlu əməkdaşlıq layihələri, xüsusilə “TAP” layihəsinin dövlətlər və xalqlar arasında dostluğun bundan sonra daha da gücləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Nazir İtaliyanın 2017-ci ildən ATƏT-in Troykasına üzv olduğunu nəzərə alaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tezliklə və ədalətli həlli istiqamətində İtaliyanın səylər göstərəcəyinə böyük ümidlər bəslədiyini deyib.
İtaliyanın xarici işlər naziri A.Alfano isə E.Məmmədyarova ünvanladığı məktubunda ötən 25 ildə ölkələrin xüsusilə iqtisadi sahədə mühüm əməkdaşlıq əlaqələri qurmağa müvəffəq olduğunu, İtaliyanın tədricən Azərbaycanın əsas ticarət tərəfdaşına çevrildiyini bildirib. İtaliyanın Azərbaycanla iqtisadi və ticarət əlaqələrinin dərinləşdirilməsi və şaxələndirilməsi, habelə şirkətlərimiz və vətəndaş cəmiyyətlərimiz üçün yeni imkanların araşdırılması istiqamətində birgə səy göstərməyə hazır olduğunu qeyd edib.
Nazir A.Alfano İtaliyanın Azərbaycan və Aİ arasındakı münasibətlərin intensivləşdirilməsini qətiyyətlə dəstəkləməyə davam edəcəyini deyib. Azərbaycanla Aİ arasında tərəfdaşlığa dair yeni sazişin razılaşdırılması üzrə işlərin başlanmasının Italiya tərəfindən həmişə müsbət qarşılandığını vurğulayan nazir bunun qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun stimullaşdırılması və bütün sahələrdə əlaqələrimizin daha da gücləndirilməsi üçün əlverişli çərçivə yaradacağına əminliyini ifadə edib.

Təhsil-press.az

Oxşar xəbərlər