Fransa XİN rəhbəri: Qarabağ münaqişəsinin həllində vasitəçilik səylərimizi davam etdirəcəyik

Fransa XİN rəhbəri: Qarabağ münaqişəsinin həllində vasitəçilik səylərimizi davam etdirəcəyik Azərbaycan və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən Təhsil-press.az-a verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Fransalı həmkarına ünvanladığı məktubunda ötən dövr ərzində Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, regionlarası, habelə mədəniyyət və təhsil sahələrində əməkdaşlığından məmnun olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfərinin ölkələrimiz arasında ən yüksək səviyyədə qarşılıqlı maraq və etimada əsaslanan siyasi dialoqun keyfiyyətindən xəbər verdiyini diqqətə çatdırıb.
İki ölkə arasında uğurlu əməkdaşlıq layihələrini qeyd edən nazir E.Məmmədyarov Bakı Fransız Liseyi, Azərbaycan-Fransız Universiteti, Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında imzalanmış regionlarası əməkdaşlıq sahəsində anlaşma memorandumu kimi layihələrin dövlətlərimiz və xalqlarımız arasında dostluğun daha da gücləndirilməsinə xidmət edəcəyini bildirib.
Fransa xarici işlər naziri Jan-Mark Ero E.Məmmədyarova ünvanladığı məktubunda ötən 25 ilin iki ölkə arasında əlaqələrin siyasi, iqtisadi və mədəniyyət sahələrində daimi inkişafı ilə yadda qaldığını bildirib.
Azərbaycan və Fransanın əldə etdiyi çoxlu sayda birgə nailiyyətlərdən bəhs edən nazir Jan-Mark Ero 2016-cı ildə ölkəmizdə yaradılmış Azərbaycan-Fransız Universitetinin iki ölkənin dinamik əməkdaşlığının hər bir səviyyədə canlı simvolu olduğunu qeyd edib.
Fransalı nazir həmçinin ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində vasitəçilik səylərini davam etdirəcəyini vurğulayıb.

Təhsil-press.az

Oxşar xəbərlər