Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Anlaşma Memorandumu imzalanıb Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Al Nahyan ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb.

Tehsil-press.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında siyasi əlaqələrin inkişafından məmnunluq bildirilib. Ölkələrimizin bir-birinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha qarşılıqlı hörmət və dəstək ifadə edilib.
Nazirlər 1994-cü ildə Mərakeşin Kasablanka şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində ulu öndərlər Heydər Əliyev və Şeyx Zayed bin Sultan Al Nahyan arasında təşkil edilmiş tarixi görüşdə iki ölkə arasında əlaqələrin möhkəm bünövrəsinin qoyulduğunu və bundan sonra ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıblar. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şeyx Xəlifə bin Zayed Al Nahyanın birgə səyləri ilə ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirildiyi bildirilib. Nazirlər 2009-cu ildə təsis edilmiş Hökumətlərarası Birgə Komissiyanın iqtisadiyyat, enerji, turizm, kənd təsərrüfatı, səhiyyə, logistika, investisiya, neft-kimya sənayesi, bankçılıq və maliyyə sahələri üzrə əməkdaşlıq üçün mövcud olan imkanların inkişaf etdirilməsində mühüm rol oynadığını qeyd ediblər. Tərəflər Dubayın Cəbəl Əli limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq və təcrübə mübadiləsini təqdir ediblər. Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarına münasibətdə sadələşdirilmiş viza rejiminin tətbiq edilməsi və nəticə etibarilə, 2015-ci illə müqayisədə 2016-cı ildə bu ölkədən olan turistlərin sayında 30 dəfədən artıq artımın müşahidə olunmasını müsbət addım kimi qiymətləndirib. Həmçinin həftəlik reyslərin sayının 30-a çatdığını, BƏƏ və Azərbaycanın şəhərlərini birləşdirən yeni uçuş reyslərinin açılmasının planlaşdırıldığını və bu kimi addımların iki ölkə arasında insanlararası və işgüzar təmasların artmasına daha da töhfə verəcəyini qeyd edib.
Şeyx Abdullah bin Zayed Al Nahyan Bakıya səfərinin Azərbaycanın uğurla ev sahibliyi etdiyi İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə təsadüf etməsindən məmnunluq ifadə edib. O, bu Oyunların İslam ümmətində həmrəyliyin güclənməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu ifadə edib. Elmar Məmmədyarov BƏƏ-dən olan idmançıların İslam Həmrəyliyi Oyunlarında uğurlu iştirakı münasibətilə həmkarını təbrik edib. Söhbət zamanı nazirlər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar təbrik məktubu mübadiləsini həyata keçiriblər.
Görüşdə, həmçinin “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Birləşmiş Ərəb Əmirliklərinin Standartlaşdırma, Metrologiya üzrə Əmirlik Orqanı arasında uyğunluq sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında Anlaşma Memorandumu” imzalanıb.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Anlaşma Memorandumu imzalanıb


Oxşar xəbərlər