ABŞ səfiri: Azərbaycan nailiyyətləri ilə haqlı olaraq fəxr edir

ABŞ səfiri: Azərbaycan nailiyyətləri ilə haqlı olaraq fəxr edir Azərbaycan nailiyyətləri ilə haqlı olaraq fəxr edir.
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu gün ABŞ-ın Müstəqillik Günü ilə bağlı tədbirdə deyib.
Diplomat bildirib ki, bu il ABŞ müstəqilliyinin 241-ci, Azərbaycanla diplomatik əlaqələrin 25-ci ildönümünü qeyd edirik.
R.Sekuta qeyd edib ki, bu il Azərbaycanın 1918-ci ildə müstəqil dövlət olmasının 99-cu ildönümüdür:
"Bu dövlət digər nailiyyətlərlə yanaşı, qadınlara səsvermə hüququ verən ilk müsəlman respublika olub. Bu vacib, demokratik addım Birləşmiş Ştatlardan əvvəl olub. Azərbaycan bu nailiyyətlə haqlı olaraq fəxr edir".
Səfir vurğulayıb ki, 4 iyul Birləşmiş Ştatlar xalqı üçün demokratiyamızın qeyd olunmasıdır:
"Biz demokratiyanı tamamlanmış bir şey kimi qeyd etmirik. Bu, 1776-cı ildə müstəqilliyimizi bəyan edəndə nail olduğumuz məqsəd deyil. Biz demokratiyanı davam edən ünsiyyət, daimi proses kimi qeyd edirik. Birləşmiş Ştatların müstəqilliyini bəyan etməsindən 241 il keçib".
Diplomat həmçinin deyib ki, təcrübə göstərir ki, demokratiya siyasi fəaliyyətlərlə məhdudlaşmır: "Bu, həm də iqtisadi uğurlara nail olmaqda önəmli rol oynayır. Demokratiya şəxsin yaradıcı olmaq ixtiyarı, qanunun aliliyi ilə səciyyələnən ədalətli mühitdə səmərəli rəqabət apara bilmək, müsbət dəyişikliklərə səbəb olmaq, fıkirlər demək, istehlakçıların istədiyi mal və xidmətlər təqdim etmək, ictimai firavanlıq və rifahı yaxşılaşdırmaqdır".
R.Sekuta qeyd edib ki, cavabdeh idarəetmə, qanunun aliliyi kimi demokratik prinsiplər sabitlik, rifah və uğur üçün vacibdir: "Buna görə, iş yerləri, inkişaf və investisiyalara yeni imkanların lokomotivi olan iqtisadiyyatın şaxələndirilməsinə nail olmaq və iqtisadi inkişaf və rifahı yüksəltmək üçün yaradıcı və yenilikçi sahibkarlara malik olmaq məqsədilə biz iyirmi beş ildir Azərbaycanı dəstəkləyirik. Birləşmiş Ştatlar əvvəldən burda olub, biz müstəqillikdən bəri Azərbaycan xalqı ilə çiyin-çiyinə olmuşuq. Biz müstəqil, sabit, çiçəklənən və demokratik Azərbaycanı dəstəkləməyə davam edəcəyik. Biz ölkələrimizin daha yaxşı gələcəyi üçün yorulmadan birgə işləməyə davam edəcəyik".

Təhsil-press.az

Oxşar xəbərlər