Hyuston Universitetində Azərbaycana həsr olunmuş konfrans keçirilib

Hyuston Universitetində Azərbaycana həsr olunmuş konfrans keçirilib ABŞ-ın nüfuzlu Hyuston Universitetində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən tehsil-press.az-a verilən məlumata görə, bu ali təhsil mərkəzinin həm professor, həm də tələbə heyəti tərəfindən maraqla qarşılanmış bu konfrans Hyustondakı Azərbaycan Mədəniyyət Mərkəzi və Hyuston Universiteti ilə birgə təşkil olunub. Konfransda əsas məruzəçilər qismində Dövlət Bayrağı Gününə həsr olunmuş rəsmi tədbirdə iştirak etmək məqsədilə Hyustonda səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Məmməd Talıbov çıxış ediblər.
ABŞ səfiri çıxışı zamanı ABŞ-ın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən və həmin zamandan bəri Azərbaycanın yanında olduğunu, Azərbaycanın ABŞ və NATO-nun əhəmiyyətli tərəfdaşı olduğunu vurğulayıb. ABŞ rəsmisi Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsini, habelə müasir İpək Yolunun canlandırılmasında Azərbaycanın xüsusi rolunu izah edib. O, hazırda Azərbaycanla ABŞ arasında enerji, təhlükəsizlik, o cümlədən terrorçuluqla mübarizə sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyini xüsusilə qeyd edib. R.Sekuta həmçinin 1976-ci ildən qardaşlaşmış şəhərlər olan Hyustonla Bakı arasında bir çox baxımdan oxşarlığı xatırladaraq, bu şəhərlər arasında əlaqələrin cari vəziyyətini yüksək qiymətləndirib və bu kontekstdə Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rolunu xüsusilə qeyd edib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri M.Talıbov çıxışı zamanı 2016-cı ildə müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünü qeyd edən Azərbaycan dövlətinin müsəlman şərqində ilk demokratiyanın davamçısı olduğunu qeyd edib. Azərbaycanın unikallığını dərk etmək üçün dövlətimizin keçdiyi tarixi yolun, üzləşdiyi çətinliklərin, əldə etdiyi nailiyyətlərin dəyərləndirilməsinin vacibliyini vurğulayıb. 25 ilin ilk baxışdan qısa bir dövr olduğunu qeyd edən diplomat həmin zaman ərzində dövlət quruculuğu, cəmiyyətin inkişafı, xalqın rifahı və digər vacib sahələrdə böyük nailiyyətlərə ölkəmizin imza atdığı, habelə Azərbaycanın dünyada öz layiqli yerini tutduğunu və regionun liderinə çevrildiyini qeyd edib. Azərbaycanın bu uğurlarının ölkə rəhbərliyinin müdrik və ardıcıl siyasəti nəticəsində mümkün olduğunu bildirən diplomat həmin illər ərzində bir sıra sahələrdə ABŞ-la səmərəli tərəfdaşlığın həyata keçirildiyini qeyd edib.
Azərbaycan səfirliyinin nümayəndəsi dünyada dini, mədəni zəmində artan gərginlik fonunda Azərbaycanda müxtəlif din və mədəniyyət icmalarının sülh və dostluq şəraitində yaşadıqlarını bildirmiş, cəmiyyətimizdə dərin köklərə malik tolerantlıq və multikulturalızm ənənlərinin davam etdiyini vurğulayıb. O, qeyd edib ki, ölkə rəhbərliyinin təşəbbüsü ilə multikulturalizm və mədəniyyətlərarası dialoq sahəsində dünya miqyaslı forum və tədbirlər keçirlir. Eyni zamanda, səfirliyin müşaviri ölkəmizin təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars irimiqyaslı iqtisadi layihələrin həyata keçirildiyini, habelə Avropa enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin reallaşmaqda olduğunu bildirib.
Bundan sonra Azərbaycanlı diplomat ölkəmizə qarşı uzun illərdən bəri davam edən Ermənistanın təcavüzünə toxunaraq Azərbaycanın ərazilərinin hələ də işğal altında olduğunu və bir milyonadək insanın öz yurd-yuvasından məcburi köçkün düşdüyünü vurğulayıb, dünya ictimaiyyətinin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın bu münaqişənin ədalətli həlli üçün beynəlxalq hüquq və bu münaqişəyə aid qəbul edilmiş beynəlxalq sənədlər əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün səylərinin artırmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, dünya ictimaiyyəti bu kimi münaqişələrə yanaşmada fərq qoymamalı və təcavüzkara qarşı prinsipial mövqe nümayiş etdirməlidir. Azərbaycanın ABŞ Administrasiyasından gözləntiləri barədə suala cavab verən səfirliyin müşaviri ölkəmizə qarşı daha konstruktiv və pragmatik yanaşmaya ümid etdiyini bildirib.
ABŞ səfiri və Azərbaycan Respublikasının müşaviri Hyustona səfər çərçivəsində birgə olaraq ABŞ-ın ən böyük dəniz limanlarından biri olan Hyuston Limanına səfər edərək oranın əməliyyatlar üzrə direktoru (Chief Operating Officer) Tomas Heidt və digər rəhbər şəxslər, Hyuston Universitetinin prorektoru Xayme Ortiz, Hyustonun ən böyük kompaniyalarını özündə birləşdirən Böyük Hyuston Tərəfdaşlıq təşkilatının rəhbəri Bob Harvi, Hyuston merinin inkişaf məsələləri üzrə müavini Endryu İkenlə görüşüblər. Sözügedən görüşlər zamanı Bakı ilə Hyuston arasında bütün sahələrdə əməkdaşlığın gücləndirilməsi, o cümlədən enerji tədqiqatları, yüksək texnologiyalar, ticarət missiyalar, akademik, təhsil və mədəniyyət sahəsində birgə işlərin həyata keçirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Hyuston Limanı arasında təcrübə mübadiləsi, birgə tədbirlərin keçirilməsi və s. məsələlərə dair fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər