Bakı Ali Neft Məktəbi Yunanıstan Universiteti ilə əməkdaşlıq edəcək

Bakı Ali Neft Məktəbi Yunanıstan Universiteti ilə əməkdaşlıq edəcək Bakı Ali Neft Məktəbində (BANM) Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetinin (PUAS) Mühəndislik fakültəsinin professoru Panayotis Yannakopolus və sözügedən fakültənin dosenti, Erasmus proqramının koordinatoru Konstantinos-Stefanos Nikasla görüş keçirilib. Bakıya səfər PUAS ilə Erasmus + proqramı üzrə yaradılmış əməkdaşlıq çərçivəsində baş tutub.
Görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektor Ramiz Hümbətov, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının müdiri Manafəddin Namazov, Erasmus+ proqramına cəlb olunan tələbələr iştirak ediblər.
BANM-in rektoru Elmar Qasımov qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq bu kimi tərəfdaşlığın həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa davamlığını vurğuladı.
PUAS-ın nümayəndələri Panayotis Yannakopolus və Konstantinos-Stefanos Nikas öz növbəsində təmsil etdiyi universitetdə bir çox mühəndislik proqramlarının tədris edildiyini və BANM-lə əməkdaşlığa açıq olduqlarını bildiriblər.
Səfər çərçivəsində birgə əməkdaşlığın gələcək inkişaf istiqamətləri, tələbə və professor-müəllim heyətinin mübadiləsi ilə bağlı məsələlər müzakirələri, tədris və elmi materialların mübadiləsi, magistratura səviyyəsində təhsili istiqamətində birgə tədbirlərin həyata keçirilməsi üçün danışıqlar aparılıb. Yunanıstanlı qonaqlar həmçinin BANM-in yeni kampusu və Bakının tarixi abidələri ilə tanış olacaqlar.
Xatırladaq ki, ötən ilin yaz semestri ərzində Erasmus + proqramı çərçivəsində BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan V kurs tələbələri Rəhim Rəhimli və Məmməd Cəbrayılov PUAS-da təhsil alıblar. Cari ilin payız semestri isə PUAS-da BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Rəmziyyə Qarazadə təhsil alacaq.
Xatırladaq ki, Erasmus + proqramı Avropa İttifaqının bir sıra istiqamətlərlə yanaşı, ali təhsil istiqamətini də nəzərdə tutan genişmiqyaslı proqramdır. Proqram çərçivəsində 2016-cı ildə BANM ilə PUAS arasında mübadilələri nəzərdə tutan əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər