Suriya yeni savaşa doğru: vəziyyət daha da mürəkkəbləşir

Suriya yeni savaşa doğru: vəziyyət daha da mürəkkəbləşir Suriyada terrorla müharibə apardıqlarını deyən böyük dövlətlərin Deyr əz-Zor uğrunda gərgin mübarizəyə başladığı haqqında müxtəlif informasiyalar yayılır.
Tehsil-press.az bildirir ki, oraya müxtəlif istiqamətlərdən ABŞ-ın başçılıq etdiyi qruplar, Bəşər Əsəd ordusu və İranın dəstəklədiyi qüvvələr irəliləməkdədir. Ekspertlər hesab edirlər ki, razılıq olmadığı təqdirdə, bu güclər arasında savaş başlaya bilər. Çünki onların hər biri neftlə zəngin olan bir əyalətə nəzarəti ələ keçirmək istəyirlər. Hazırda vəziyyət qeyri-müəyyən olaraq qalır. Ekspertlər bundan sonra nələrin baş verə biləcəyini proqnozlaşdırmaqda çətinlik çəkirlər. Onların sırasında meydana daha təhlükəli məqamların çıxa biləcəyindən bəhs edənlər var. Bütövlükdə Deyr əz-Zor ətrafında situasiya mürəkkəb olaraq qalır. Bunun fonunda Astana danışıqlarına da ümid edilir. Orada nəticə əldə olunsa, Suriya yenidən vətəndaş müharibəsi girdabına düşməyə bilər. Ancaq bu, yalnız ehtimaldır. Yaranmış duruma daha geniş aspektdə baxmağa ehtiyac vardır.
Neftlə zəngin əyalət: silahlar oraya yönəlir
Belə görünür ki, Suriyanın Deyr əz-Zor əyaləti uğrunda savaş daha da şiddətlənə bilər. Ərazinin ölçüsü baxımından bu, Suriyada böyük əyalət sayılmır. Ancaq orada zəngin neft və qaz yataqları vardır. İndi bu təbii ehtiyatlar uğrunda böyük güclər gərgin savaş aparırlar. Onları üç qrupa bölmək olar.
Birinci qrupa ABŞ-ın dəstəklədiyi silahlı güclər daxildir. Onlar əsasən kürdlər və assurilərdən təşkil olunub. Sıralarında ərəblər də döyüşür. Bu qrupun adı Suriya Demokratik Gücləridir (SDG). Onların sayının 80 mini aşdığı haqqında məlumatlar vardır.
Digər qrupu Rusiyanın dəstəklədiyi Bəşər Əsəd ordusu təşkil edir. Hazırda Suriya ərazisində qanuni sayıla biləcək yeganə gücdür. B.Əsədin mövqeyi getdikcə güclənir, onun əsgərləri isə hərbi qələbələr əldə edirlər. İran da onlara dəstək verir. Lakin maraqlıdır ki, eyni zamanda iranpərəst qüvvələr üçüncü qrupu təşkil edirlər.
Bunlar bir tərəfdən İraq-Suriya sərhədini nəzarətdə saxlayırlar. Əsasən şiə qruplaşmalarıdır. Qısa olaraq "əş-Şaabi" adlanan silahlı qrup İraq tərəfdən Suriya sərhədini nəzarətdə saxlayır. "Hizbullah" isə Suriyada aktiv hərbi əməliyyatlarda iştirakçıdır.
Hazırda Deyr əz-Zorda hərbi vəziyyət belədir ki, amerikayönlü qüvvələr, B.Əsəd ordusu və İranın dəstəklədiyi güclərin hamısı İŞİD-in üstünə düşüblər. Onlar Fərat çayının enerji ilə zəngin sol sahilini tutmağa çalışırlar. İndi SDG, B.Əsəd və "Hizbullah" həmin yerə doğru irəliləyirlər. Hesab olunur ki, İŞİD-in tam darmadağın olacağı şübhə doğurmur. Əsas məsələ savaşdan sonra zəngin enerji yataqlarına kimin nəzarət edəcəyindədir. Bu aspektdə isə kifayət qədər ziddiyyətli bir vəziyyət meydana gəlib.
Məsələ ondan ibarətdir ki, müharibədə iştirak edən hər bir böyük güc öz payını tələb edir. Rusiyaya B.Əsədin 13 milyarddan çox borcu var. Bunu necə ödəyəcək? Təbii ki, neftdən pay vermək B.Əsədə sərfəlidir, Kremli də bu, tam qane edir. Çünki perspektivli gəlir mənbəyinə əl qoyur.
Eyni məntiqlə amerikalılar kürdlərin əli ilə Suriyanın neftlə zəngin yerlərinə nəzarəti həyata keçirmək niyyətindədirlər. Vaşinqton hətta Əmman-Deyr əz-Zor nəqliyyat yolunu çəkməyi planlaşdırır. Bu, ona Aralıq dənizinə çıxmaq imkanı verəcək.
İran da İraq-Suriya coğrafiyasında "şiə zolağı" yaratmağı planlaşdırır. Bunun üçün onun dəstəklədiyi silahlı qüvvələr Fəratın sol sahilinə keçməlidirlər. Orada isə B.Əsəd, ruslar və kürdlər vardır.
Artıq kürd qruplaşmalar B.Əsədin ordusu ilə döyüşməyəcəklərini bəyan ediblər. Bununla belə, onlar hökumət əsgərləri onlara hücum etdiyi halda, savaşacaqlarını bildirirlər. Amerika da onlara kifayət qədər silah-sursat və təlimçilər verib. B.Əsəd də mövqeyindən çəkilən kimi görünmür. Rəsmi Dəməşqi daha çox ölkənin bütövlüyü maraqlandırır. Yəni B.Əsəd federasiya modelini qəbul etmir. Üstəlik, bu, etnik mənsubluğa görə baş verməlidirsə, B.Əsəd çox şey itirir. Həmin səbəbdən ekspertlər hesab edirlər ki, B.Əsəd uyğun zamanda separatçı kürdlərə zərbə endirə bilər.
İrana sadiq qüvvələrin də öz mövqeyi vardır. Onlar B.Əsədi dəstəkləyir, lakin kürdlərin Suriyada güclənməsini arzulamırlar. Bu əsasda İranla Rusiya və ABŞ arasında müəyyən fikir ayrılığı meydana gələ bilər. Tehranın güzəştə gedəcəyini demək çətindir.
Rusiya isə qarşısına daha böyük məqsədlər qoyub. Moskva bütövlükdə Suriyada nəzarəti ələ keçirməyi planlaşdırır. Bunun üçün mərkəzi hökumət Moskvaya meylli olmalıdır. Bunun fonunda Kreml Suriyada müttəfiqlərinin maraqları ilə öz maraqlarını bir-birinə uyğunlaşdıra bilər.
Müharibənin növbəti mərhələsi: daha böyük güclərin toqquşması
Belə çıxır ki, Deyr əz-Zorda faktiki olaraq Bəşər Əsəd ordusu, Suriya Demokratik Gücləri (SDG) və "Hizbullah" qarşı-qarşıya gəliblər. Astanada Rusiya, Türkiyə və İran nümayəndələrinin danışıqlar aparmasına baxmayaraq, döyüş meydanında hər kəs daha çox pay almağa çalışır. Buna görə də ekspertlər İŞİD-in məğlub edilməsindən sonra suriyada savaşın bitəcəyinə inanmırlar. Sadəcə olaraq müharibə başqa müstəviyə keçə bilər.
Həmin kontekstdə mütəxəssislər meydana yeni radikal qrupların çıxa biləcəyini ehtimal edirlər. Yəni İŞİD-lə müharibə terroru məhv etmir, ortaya yeni şərtlərə uyğun başqa qüvvələri çıxarır. Əgər bu proqnoz özünü doğrultsa, Suriyada müharibənin qarşısını almaq mümkün olmayacaq. Əslində, Qərbdə və İsraildə bir sıra diplomatlar və mütəxəssislər bu barədə bir neçə dəfə xəbərdarlıq ediblər. Onlar daim vurğulayırlar ki, İŞİD ya daha təhlükəli metodlara əl atacaq, ya da ondan xeyli amansız yeni qrup meydana gələcək.
Məsələn, İŞİD dünyanın müxtəlif regionlarına yayılmaqla çoxlu sayda terror aktları həyata keçirə bilər. Bu, faktiki olaraq, beynəlxalq terrora yeni nəfəs verməkdir. Onun nəticəsinin kifayət qədər təhlükəli ola biləcəyini təxmin etmək çətin deyil. Onda bəs Suriyada aparılan müharibədə böyük dövlətlərin məqsədləri nədən ibarətdir? Bu sualın təəssüf ki, birmənalı cavabı yoxdur.
Yayılan informasiyalarda böyük dövlətlər daha çox yeni silahların sınağından, özlərinin geosiyasi maraqlarının təmin edilməsindən və müttəfiqlərinin müdafiə edilməsindən bəhs edirlər. Sanki Suriya torpaqları güclü silah istehsalçılarının yarış meydanıdır. Özü də bu silahlar həm B.Əsədə, həm də ona radikal müxalif mövqedə olan qruplara satılır. Bu aspektdə SDG-nin silahlılarının sayının 100 minə çatması çox düşündürücüdür. Amerika Yaxın Şərqdə yeni cəza ordusu yaradır? Vaşinqton etnik mənsubiyyətə görə regionu parçalamaq siyasətini inkişaf etdirir?
Əgər bu belədirsə, onda Yaxın Şərqdə vəziyyətin yaxın gələcəkdə sabitləşəcəyinə ümid etmək əbəsdir. Əksinə, ortaya yeni və daha təhlükəli məqamların çıxa bilmə ehtimalı daha da yüksəlmiş olur. Buradan ekspertlər daha bir düşündürücü nəticə çıxarırlar. Yəni söhbət Yaxın Şərqdə böyük dövlətlərin daha açıq savaşının başlama ehtimalından gedir. Deyr əz-Zor uğrunda başlayan amansız mübarizə bunun ilk əlamətlərindən biri ola bilər. Çünki indiyə qədər ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri ilə Rusiya və İranın qarşıdurmaya gedə bilməsindən səhra komandirləri bəhs etmirdilər. SDG-nin kürd mətbuat katibi bu barədə xəbərdarlıq edir - yuxarıda vurğulamışdıq ki, o, Əsəd onlara hücum etdiyi təqdirdə, cavab verəcəklərindən bəhs edir!
Məsələnin digər tərəfi İraqda baş verənlərə bağlıdır. Orada da Sincar, Mosul, Kərkük, Təlafir məsələləri hələ açıq olaraq qalır. Bu yerlərə kürdlər iddialıdırlar. Rəsmi Bağdad isə ölkənin federallaşmasını, yaxud ayrıca "Kürdüstan" adlı dövlətin yaradılmasını istəmir. Kürd siyasətçilər isə İraqla Suriyanı əhatə edən və Aralıq dənizinə çıxan "kürd dəhlizi" yaratmaqdan bəhs edirlər. Bu məqam özlüyündə strateji əhəmiyyəti olan Deyr əz-Zor faktoruna əlavə geosiyasi status verir.
Gözləmək olar ki, yaxın aylarda Suriyada koalisiyalar arasında münasibətlərin aydınlaşdırılmasını ifadə edən proseslər başlansın. Burada ABŞ İran faktorundan vəziyyəti gərginləşdirmək üçün istifadə etməyə cəhd göstərə bilər. Bu prosesə İsrailin də dəstək verəcəyinə şübhə yoxdur. Təbii ki, Rusiya bu qədər xərcdən sonra Suriyadan qətiyyən çəkilmək fikrində deyil. Moskva daha çox mənfəət əldə etmək üçün ciddi cəhdlər göstərir. Hələlik bir qədər kənarda görünən Türkiyə də şübhəsiz, hərəkət edəcək.
Göründüyü kimi, kifayət qədər mürəkkəb vəziyyət yaranmaqdadır. Bu baxımdan Astana müzakirələri vəziyyəti xeyli aydınlaşdıra bilər. Əgər bu proses də sona çatmasa, onda Suriyada vətəndaş müharibəsinin yeni və daha ağrılı mərhələsindən danışmalı olacağıq. Həm də məsələ yalnız Suriya ilə məhdudlaşmaya bilər; Qafqaz və Mərkəzi Asiya Yaxın Şərqdən elə də uzaqda deyil.

Təhsil-press.az

Oxşar xəbərlər