“Medera” klinikasından ölüm hadisəsi ilə bağlı - Açıqlama+ Yenilənib

“Medera” klinikasından ölüm hadisəsi ilə bağlı - Açıqlama+ Yenilənib Bakıdakı özəl klinikalardan birində ölüm hadisəsi baş verib.
Binəqədi rayonu 8-ci mikrorayon ərazisində yerləşən "Medera" klinikasında 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu əməliyyat vaxtı ölüb. Sol çiyin nahiyəsindən əməliyyat olunan 40 yaşlı kişinin halı birdən-birə daha da pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının bildirdiyinə görə, A.Hümbətov yüngül əməliyyat zamanı həkim səhlənkarlığının qurbanı olub.
Ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
***
“MedEra Hospital” klinikada baş vermiş ölüm hadisəsi ilə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, xəstə, 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu 06.12.2017-ci il tarixində “MedEra Hospital”a sağ çiyin nahiyəsində ağrılar, hərəkətlərin məhdud olması və bəzi hərəkətlərin qeyri-mümkünlüyü şikayətləri ilə müraciət edib.
Daxil olarkən xəstəyə “Sağ çiyin oynağının rotator manjetinin massiv qopması, Supraspinatus və infraspinatus əzələlərin piy distrofiyası” diaqnozu qoyulub: “Özünü uzun müddətdir ki, xəstə hesab edən A.Hümbətov xəstəliyini aldığı travma ilə əlaqələndirirdi. İki ay müddətində etdiyi konservativ müalicənin effektsiz və perspektivsiz olduğunu nəzərə alaraq 06.12.2017 tarixində xəstə üzərində ETN altında “Sağ çiyin oynağının artroskopiyası, Artroskopik assistensiyalı latissimus dorsi əzələsinin transferi” cərrahi əməliyyatı icra edilib.
Əməliyyatdan sonrakı dövrdə - 07.12.2017 tarixindən etibarən xəstənin vəziyyətinin pisləşməsi ilə əlaqədar lazımi müayinələr aparılıb. Respublikanın yüksək ixtisaslı həkimləri ilə birgə geniş həcmli konsilium keçirilib. Son klinik diaqnoz təsdiqlənib: sağ beyin yarımkürəsinin hemisferik kəskin infarktı (sağ daxili yuxu arteriyasınin trombozu), sağ hemisferik ödəm, sol tərəfli orta xətt və unkal şift. Lazımi intensiv və reanimasion tədbirlərinin görülməsinə baxmayaraq, 15.12.2017-ci il saat 23:50-də xəstədə bioloji ölüm baş verib.
Xəstənin ölüm səbəbi ilə əlaqədar Respublika Tibbi-Ekspertiza Mərkəzi tərəfindən araşdırma aparılır. “MedEra Hospital” tərəfindən lazımi sənədlər müvafiq quruma təqdim olunub”.

Tehsil-press.az

Oxşar xəbərlər