Professor Hüseyn Qabulov: Bu il klinikamıza yeni kadrlar cəlb olunub, müasir avadanlıqlar gətirilib

Professor Hüseyn Qabulov: Bu il klinikamıza yeni kadrlar cəlb olunub, müasir avadanlıqlar gətirilib Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Tibbi Şuranın 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat xarakterli iclası keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən direktor, professor Hüseyn Qabulov ATU rektoru, professor Gəray Gəraybəyli adından klinikanın professor-müəllim heyətini və əməkdaşlarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara böyük uğur və müvəffəqiyyətlər arzulayıb.
H.Qabulov 2017-ci il ərzində klinikada görülən işlərlə bağlı şura üzvlərinə məlumat verib: “Klinikada tədris, elmi-tədqiqat, müalicə və diaqnostika işləri, eyni zamanda, iş günü ərzində minlərlə insanın (tələbə, pasiyentlər, onların yaxınlarının) dövriyyəsi və digər amillər bizim məsuliyyətimizi artırır. Klinikamızda ölkənin aparıcı mütəxəssisləri, dünyanın müxtəlif ölkələrində təhsil almış mütəxəssislər çalışır. Bununla belə əsas məqsədimiz tibbin tədrisi, yüksək ixtisaslı kadrların hazırlanmasıdır”.
Klinikada tədris prosesinin yüksək səviyyədə olduğunu vurğulayan H.Qabulov hər il olduğu kimi, bu il də klinikada tədris prosesində problemlərin olmadığını qeyd edib: “Tələbələrlə yanaşı, klinikamız həm də rezidentura təhsilinin iri bazalarındandır. Ümumiyyətlə, rezidentlərimizin əksəriyyəti üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışırlar. Eyni zamanda, onlar elmi-tədqiqat işlərini də uğurla aparırlar. Sadəcə bir faktı qeyd etmək olar ki, 2017-ci ilin ATU rezidentlərinin elmi konfransında klinikamızın rezidentlərinin işləri ümumi sayın 80 faizini təşkil edib və konfransın açılışında rektor bunu xüsusi vurğulayıb. Şübhəsiz ki, bu nailiyyətlərdə klinikamızın professor-müəllim heyətinin və həkimlərinin böyük əməyi var. Bu baxımdan rezidentlərin təhsilinin təkmilləşdirilməsi ilə əlaqədar gələn ildən bir sıra yeniliklərin tətbiq olunması planlaşdırılır”.
Klinikada keçirilən iri konfranslar və tədbirlər barəsində danışan direktor, belə konfranslara və tədbirlərə ev sahibliyi etməkdən məmnun olduqlarını bildirib.
H.Qabulov 2017-ildə klinikada həyata keçirilən struktur dəyişikliklərindən və görülən işlər barəsində də məlumat verib: “Bu il klinikamıza yeni kadrlar cəlb olunub, daha müasir avadanlıqlar gətirilib. Bu da müəyyən sahələrdə olan çatışmazlıqları aradan qaldırmağa imkan yaradıb. Struktur vahidlərinin sərbəstliyi müəyyən qədər artırılıb ki, bu da qarşıya çıxan gündəlik məsələlərin həllini asanlaşdırmağa kömək edib. Sosial şəbəkələrdə klinikamızın geniş imkanlarının və həkimlərimizin tanıdılması istiqamətində davamlı işlər həyata keçirilir. Bu il ərzində ölkənin iri sığorta şirkətləri ilə əməkdaşlığımızı daha yüksək səviyyədə genişləndirmək imkanlarımız olub. Həmçinin həkimlərimizin əmək haqları da artırılıb”.
Direktor onu da vurğulayıb ki, 2016-cı illə müqayisədə cari ildə klinikanın şöbələrində xəstə sayında artım müşahidə edilib.
Hazırda klinikanın fəaliyyətinin səmərəsinin artırılması istiqamətində müəyyən təkliflər hazırlandığını deyən, direktor bunu universitet rəhbərliyinə təqdim edəcəklərini bildirib.

Hüseyn Şərifov


Professor Hüseyn Qabulov: Bu il klinikamıza yeni kadrlar cəlb olunub, müasir avadanlıqlar gətirilibProfessor Hüseyn Qabulov: Bu il klinikamıza yeni kadrlar cəlb olunub, müasir avadanlıqlar gətirilibProfessor Hüseyn Qabulov: Bu il klinikamıza yeni kadrlar cəlb olunub, müasir avadanlıqlar gətirilib

Oxşar xəbərlər