Beynəlxalq müşahidəçi: Prezident seçkiləri şəffaf keçirilir

Beynəlxalq müşahidəçi: Prezident seçkiləri şəffaf keçirilir "Azərbaycanda prezident seçkiləri şəffaf keçirilir. Ən əsası isə gənclərin seçkidə iştirak etməsi üçün hər bir şərait yaradılıb".
Bunu Tehsil-press.az-a Bolqarıstan parlamentinin deputatı, beynəlxalq müşahidəçi Hamid Hamid deyib.
"Azərbaycanda bundan əvvəl 3 dəfə seçkilərdə iştirak etmişəm. Bütün seçkilər ən yüksək şəraitdə keçirilib".
H.Hamid qeyd edib ki, bu gün 7 seçki məntəqəsində olub.
Onun sözlərinə görə, heç bir qanun pozuntusuna rast gəlinməyib.
Beynəlxalq müşahidəçi Azərbaycanda keçirilən seçkilərin ən yüksək səviyyədə davam edəcəyinə əminliyini də vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.
Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Saat 10:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 18,71 faizi, yəni 994 196 seçici səs verib.

Tehsil-press.az

Oxşar xəbərlər