Nazirlikdən iş tapa bilməyən gənclərlə bağlı mühüm addım

Nazirlikdən iş tapa bilməyən gənclərlə bağlı mühüm addım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Gənclərin əmək haqlarının maliyyələşdirilməsi Pilot Proqramının təşkili Tələbləri” hazırlanaraq nazirliyin müvafiq əmri ilə təsdiq edilib.
Pilot Proqram Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə icra olunan “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrası çərçivəsində həyata keçiriləcək.
Məqsəd ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış, ali, orta-ixtisas və ilk peşə-ixtisas təhsil müəssisələrini bitirmiş, iş təcrübəsi olmayan və əmək bazarına daxil olmaqda çətinlik çəkən 18-29 yaşlı gənclərə məşğulluq imkanlarının yaradılmasıdır.
Tələblərə əsasən, iştirakçıların seçilməsi üçün Komisiya yaradılacaq.
Komissiya tərəfindən Bakı şəhərinin hər rayonu üzrə gender bərabərliyi əsasında 12 namizəd təqdim edilməklə, ümumilikdə 144 gənc arasından ilkin müsahibədə 96 nəfər, işəgötürənlərin iştirakı ilə keçiriləcək ikinci müsahibədə isə 96 nəfərdən 48 nəfər (hər rayon üzrə 4 nəfər) seçilməklə proqrama cəlb olunacaq. İştirakçıların seçimi üçün qiymətləndirmə motivasiya (əmək bazarına daxil olmağa, peşə və karyeraya marağın olması), işə qəbul olunduqları vəzifəyə dair baza bilikləri, şəxsi keyfiyyətlər (kollektivdə işləmək, ünsiyyət, qərarvermə bacarıqları və s.) əsasında aparılacaq.
Layihə iştirakçılarının sayı (48 nəfər) proqramın texniki şərtlərində müəyyən edilmiş maliyyə vəsaitinə uyğun olaraq müəyyən edilib.
Qiymətləndirmə nəticəsində müəyyən olunmuş iştirakçılar qeyri-neft sektoru üzrə kiçik və orta sahibkarlıq subyektləri arasından seçilmiş işəgötürənlər tərəfindən işə qəbul olunacaqlar.
İşlə təmin edilmiş gənclərin vəzifə üzrə əmək haqlarının 12 ay ərzində 50 faizi BƏT tərəfindən müvafiq işəgötürənə ödəniləcək. Əmək haqqının qalan hissəsi, habelə əmək haqqına əlavələr, mükafatlar və digər ödənclər isə işəgötürənin özü tərəfindən ödəniləcək. Tələblər işə qəbul olunacaq gənclərlə əmək müqaviləsinin ən azı 24 aylıq (3 ay sınaq müddəti müəyyən edilməklə) müddətə bağlanılmasını nəzərdə tutur.

Tehsil-press.az

Oxşar xəbərlər