Şagirdləri daim zəif nəticə göstərən müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Şagirdləri daim zəif nəticə göstərən müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq Azərbaycanda şagirdləri davamlı olaraq zəif nəticə göstərən müəllimlərin məsuliyyəti məsələsinə mövcud qanunvericiliyə uyğun baxılıb təkliflərin verilməsi 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətlərindən biri olacaq.
Təhsil naziri Ceyhun Bayramovun “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində qeyd edilib.
Əmr 2018-2019-cu dərs ilində ümumi təhsil sistemində keyfiyyət göstəricilərinin davamlı surətdə yaxşılaşdırılması, təhsilalanların milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi istiqamətində çevik fəaliyyət mexanizmi yaratmaq məqsədilə imzalanıb. Əmrlə 2018-2019-cu dərs ilində ümumi təhsil üzrə prioritet fəaliyyət istiqamətləri müəyyən edilib.
Əmrdə qeyd edilir ki, Təhsil Nazirliyinin 2017-ci il 28 avqust tarixli 261 nömrəli əmri ilə təsdiq olunmuş “Təhsildə keyfiyyət ili” ilə bağlı Nazirliyin Fəaliyyət planında nəzərdə tutulmuş mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunsun.
2018-2019-cu dərs ilində ümumi təhsil üzrə prioritet fəaliyyət istiqamətləri fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, şagirdləri davamlı olaraq zəif nəticə göstərən müəllimlərin məsuliyyəti məsələsinə mövcud qanunvericiliyə uyğun baxılıb təkliflərin verilməsi, məktəblərdə şagird kontingentinin tam optimallaşdırılması, yaşayış ərazisi daxilində yaşayan məktəbyaşlı uşaqların təhsildən kənarda qalması hallarına yol verilməməsi, bununla əlaqədar valideynlərlə, eləcə də aidiyyəti təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, bu qruplarda çalışan müəllimlərin fəaliyyətinə müntəzəm nəzarət olunması və onlara davamlı metodik köməklik göstərilməsidir.
Bununla yanaşı, ibtidai sinif müəllimlərinin tərkibinin peşəkarlıq baxımından təhlil olunması, onlar haqqında ictimai rəyin ətraflı öyrənilməsi və siniflərə təyinatda ciddi surətdə nəzərə alınması, “İnformatika” və “Xarici dil” fənləri istisna edilməklə digər fənlər üzrə dərs saatlarının başqa müəllimlər arasında bölüşdürülməsi hallarının aradan qaldırılması, şagirdlərin seçilmiş tədris dili, dövlət dili kimi Azərbaycan dili, Azərbaycan tarixi və coğrafiyası üzrə praktik bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin təkmilləşdirilməsi və genişləndirilməsi, şagirdlər tərəfindən yaşadıqları ərazinin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatların toplanması və ümumiləşdirilməsi işinin təşkili, yerlərdə yaradılmış “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi, “Hər bir uşaq istedadlıdır” devizi ilə ayrı-ayrı fənlər, eləcə də incəsənətin müxtəlif sahələri və idman növləri üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, mütaliə, yazı və nitq mədəniyyətinin inkişaf etdirilməsi, məktəblərdə kitabxana xətti ilə şagirdlərin geniş cəlb olunduğu “Mütaliə aylığı”nın keçirilməsi, hüquq-mühafizə və səhiyyə orqanlarının məsul işçiləri, müvafiq qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən hüquq pozuntularının qarşısının alınması, insan hüquq və azadlıqlarının qorunması, reproduktiv sağlamlıq, insan alverinin qurbanları, alkoqollu içkilərə və psixotrop maddələrə meyilliyin acı nəticələri, erkən nikahların fəsadları, internetdən təhkükəsiz istifadə və zərərli məlumatlardan mühafizə və sair bu kimi mövzularda şagirdlərlə maarifləndirici tədbirlərin təşkilinin təmin edilməsi və s. də prioritetlər sırasındadır.

Təhsil-press.az

Oxşar xəbərlər