Daha 485 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulacaq

Daha 485 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulacaq “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın Fəaliyyət Planına uyğun olaraq, bu ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 46 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.
İndiyədək ATŞ-yə qoşulmuş 2 min 370 təhsil müəssisəsi yüksəksürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biri və nazirliyin digər qurumları ilə kommunikasiyası yaradılıb. 2018-2019-cu tədris ilində əlavə olaraq 485 təhsil müəssisəsinin də ATŞ-yə qoşulması nəzərdə tutulub. Hazırda ATŞ-yə qoşulmuş ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 82 faizinə və pedaqoji heyətin 72 faizinə bərabərdir.
ATŞ ölkədə tədris prosesini daha səmərəli qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq, təhsildə müsbət təcrübənin yayılmasını təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə müvafiq elektron resurslardan istifadə edə bilirlər.
İnternetin geniş miqyasda informasiya mənbəyi olduğunu nəzərə alaraq, bu məlumatların yaş məhdudiyyəti olmadan nəzarətsiz yayılmasının qarşısının alınması və uşaqların arzuolunmaz məlumatlara çıxışının məhdudlaşdırılması məqsədilə ATŞ-yə qoşulmuş təhsil müəssisələrində internet filtrasiya sistemi tətbiq olunur. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir.
Qeyd edək ki, bu il iyunun 22-də Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası arasında “Avropanın elm və təhsil qurumları üçün kompüter şəbəkəsi”nin (GEANT) yaradılması ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər