ADA Universitetinə orta qəbul balı 548 təşkil edib

ADA Universitetinə orta qəbul balı 548 təşkil edib ADA Universiteti 2018-2019-cu tədris ilinin qəbul nəticələrini açıqlayıb- ali təhsil ocağına yeni 529 bakalavr və 100 magistr qoşulub. Universitetin tədris, təhlil və planlaşdırma şöbəsinin məlumatına görə, bu il bütün ixtisaslar üzrə ümumi orta qəbul balı 548 təşkil edib. Ölkə üzrə ən yüksək -700 bal toplayanlardan beş nəfər abituriyent ADA-nı seçib. Bu tədris ilindən etibarən açılan hüquqşünaslıq ixtisasına isə nəzərdə tutulan yerlər dolaraq keçid balı 601 olub. Tədris məsələləri üzrə prorektor Vəfa Kazdal bildirib: “Digər tədris proqramlarımız kimi, hüquq proqramımız da dünyanın bu sahədə aparıcı təhsil təcrübələrinə və savadlı, səriştəli, məsuliyyətli qlobal vətəndaşlar yetişdirmək kimi missiyamıza söykənir. Gələcək məzunlarımız öz sahələrində yüksək etik dəyərlərə, güçlü tətbiqi biliklərə, XXI əsrin tələb etdiyi tənqidi düşüncə, təhlil, dəyərləndirmə və kommunikasiya qabiliyytələrinə malik kadrlar kimi çöx töhfələr verəcəklər.”
ADA Universitetinə bu il 38 müxtəlif ölkədən xarici tələbə qəbul olunub. Onlardan 5 nəfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilki müvafiq sərəncamına uyğun olaraq İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri vətəndaşlarına ayrılan təhsil qrantlarından yararlanıblar, 14 nəfər isə Xarici İşlər Nazirliyi tərəfindən təsis edilən Əlimərdan bəy Topçubaşov təqaüdü qazanıblar. Universitetin beynəlxalq, hökumət və tələbə məsələləri üzrə prorektoru Fariz İsmayılzadənin sözlərinə görə, bu il Bolqarıstan, Çili, Eritreya, Fransa, İndoneziya, Tacikistan və Liberiya ADA-ya ilk tələbələrini göndərib: “Tələbə heyətimizin artan beynəlmilləlliyi ADA fərqlərindən biridir. Bununla yanaşı hər tələbə mübadilə proqramı ilə 70-ə yaxın xarici universitet tərəfdaşlarımızdan birində bir semestr təhsil ala bilər. Fərqli mədəniyyətdə keçirilən təhsil vaxtı gənclərimizə tək akademik biliklər vermir, eləcə də məsuliyyət, təşəbbüs, cavabdehlik kimi dəyərləri aşılayır. Onların milli kimlik və vətənpərvərlik ruhu daha da möhkəmlənir. ”
Qeyd edək ki, 2018-2019cu tədris ilinin nəticələrinə görə ADA Universitetinə qəbul edilən 198 nəfər tələbənin təhsil xərcləri qaçqın, məcburi köçkün, valideyn himayəsindən məhrum, Qarabağ mühairbəsi əlili və digər sosial imtiyazlı təbəqəyə aidiyyatı üzrə dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.

ADA-nım Mətbuat Xidməti

Oxşar xəbərlər