“Gənc istedadlar” liseyinin məzunlarından iyirmisi ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb

“Gənc istedadlar” liseyinin məzunlarından iyirmisi ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “Bilik günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov liseydə qazanılan uğurlardan danışıb. Bu il liseyi bitirən 52 şagirddən 11-nin qızıl medala layiq görüldüyünü diqqətə çatdıran rektor, eyni zamanda, ali məktəblərə qəbul imtahanında 20 məzunun 600-dən yuxarı bal topladığını, 7 nəfərin isə fərqlənmə attestatı aldığını söyləyib.
Qeyd edilib ki, liseyin məzunları arasında xarici ölkələrin, o cümlədən Türkiyə, Almaniya, ABŞ və Estoniyanın nüfuzlu universitetlərinə qəbul olunanlar da var.
“Sabahın alimləri” müsabiqəsində 2 nəfər birinci, 8 nəfər isə ikinci yeri tutub.
Liseyin direktoru, professor Qasım Hüseynov bu il liseyin 5-ci sinfinə qəbul olunmaq üçün 900 şagirdin müraciət etdiyini vurğulayıb.
Liseyə qəbul imtahanında yüksək bal toplamış Əkbər Həbibullayev, valideynlər adından Ülviyyə Hüseynova, məzunlar adından isə liseyi qızıl medalla bitirmiş və BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə daxil olmuş Rəvan Axundov çıxış edərək müəllim və şagirdlərə yeni tədris ilində uğurlar arzulayıblar.

Mətbuat Xidməti

Oxşar xəbərlər