Gəncə Dövlət Universitetində AÇIQ DƏRS: TƏBİƏTİ QORUMAQ BORCUMUZDUR

Gəncə Dövlət Universitetində AÇIQ DƏRS: TƏBİƏTİ QORUMAQ BORCUMUZDUR Son illərdə universitet-məktəb qarşılıqlı əlaqəsinin uğurlu nümunəsini yaradan Gəncə Dövlət Universitetinin şəhərdə fəaliyyət göstərən ümumtəhsil məktəbləri ilə çoxşaxəli faydalı əməkdaşlığı davam edir.
İctimaiyyət üçün keçirilən açıq dərsdə Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor Sevda Əhmədovanın “Təbiəti qoruyaq” mövzusunda mühazirəsi dinlənilib.
Açıq dərsdə 31 saylı tam orta məktəbin müəllim və yuxarı sinif şagirdləri, eləcə də Gəncə Dövlət Universitetinin professor – müəllim heyəti iştirak ediblər.
Tədbiri açan 31 saylı məktəbin direktoru Elenora Əsgərova universitet alimləri ilə məktəb şagirdləri arasında keçirilən görüşlərin hər bir şagirdin inkişafında, onların əsl şəxsiyyət kimi formalaşmasındakı rolundan danışıb.
Təcrübə və karyera şöbəsinin rəhbəri Cabbar Qarayev bildirib ki, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun tapşırığına əsasən keçirilən bu cür açıq dərslərin təşkilində məqsəd yuxarı sinif şagirdlərinə ölkəmizin təbiətini, tarixini və mədəniyyətini sevdirmək, ali təhsil müəssisəsinin nailiyyətləri haqqında məlumat vermək, eləcə də şagirdlərin gələcəkdə əmək bazarının tələbinə uyğun düzgün ixtisas seçiminə kömək etməkdir.
Bu il 80 illik yubileyini qeyd edən Gəncə Dövlət Universitetinin elm – təhsil sahəsindəki nailiyyətlərindən danışan Cabbar Cabbarov qeyd edib ki, hazırda respublikamızın qərb bölgəsində ən böyük ali təhsil müəssisəsi olan universitet yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması istiqamətində ixtisaslaşıb. Respublikamızın ali təhsil müəssisələri içərisində özünün reytinqini ildən-ilə yüksəldən Gəncə Dövlət Universitetini yüksək balla seçən tələbələrin sayı da bu uğurlu göstəriciyə uyğun olaraq hər il artır.
Cabbar Cabbarov universitetdə tələbələrə yaradılan şəraitdən və bu ali təhsil müəssisində təhsil almağın üstünlüklərini izah edib.
Sonra açıq dərs iştirakçıları proffessor Sevda Əhmədovanın “Təbiəti qoruyaq” mövzusunda mühazirəsini dinləyiblər.
Professor bildirib ki, insanların yaşayış tərzi, maddi rifah halı təbiətə, təbii sərvətlərin zənginliyi ilə, bu sərvətlərdən səmərəli istifadə olunması və onların qorunması ilə bağlıdır. Təbiət bəşər övladının evidir, onu qorumaq, daha da zənginləşdirmək və gözəlləşdirmək insanların müqəddəs borcu, vəzifəsidir. Təbiəti qorumaq ümumdövlət işi, ümumxalq işidir.
İnsanı təbiət yaratmış və öz sərvətlərini səxavətlə onun istifadəsinə vermişdir. Bəşəriyyət öz inkişafının yüksək pillələrinə ayaq qoyduqca, öz əlində daha mükəmməl texniki vasitələr cəmləşdirdikcə təbiətdən daha çox mənfəət götürür, daha doğrusu, onu qınr, tökür, dağıdır, məhv edir, əvəzini isə çox az qaytarır.
Təbii sərvətlərin mühafizəsi, onlardan səmərəli istifadə edilməsi, xüsusən, canlı sərvətlərin qorunması hazırda dünya əhəmiyyətli bir məsələ hesab olunur.
Doğma yurdumuz Azərbaycan misilsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. il boyu zirvəsi qarla örtülü olan dağlar, könül açan sərin yaylaqlar, zəngin və nadir ovalıqlar, təkrarolunmaz gözəlliyə malik göllər, suvarma və enerji əhəmiyyətli çaylar, min bir dərdin dərmanı olan bulaqlar Azərbaycanın qədir-qiymətini birə-min artırır. Burada yerin altı tükənməz xəzinə, üstü isə canlı muzeydir. Onun gözəl təbiəti, iqlimi, torpağı, bitki örtüyü, heyvanlar aləmi son dərəcə müxtəlif və rəngarəngdir ki, yer üzündəki 11 iqlim növünün 9-u Azərbaycanda mövcuddur.
Hər bir iqlim qurşağının təbii gözəlliyini, bu gözəlliyin süfrəmizə bəxş etdiyi nemətləri ayrı-ayrılıqda sadalamaq, bunlarsız insan məişətinin qeyrimümkünlüyündən təkrar-təkrar danışmaq olar. Ancaq bu «yanıqlı» danışıqlarla məsələ bitmir. Əsas məsələ ətraf mühitə ağıllı nəzərlərlə baxmaq, təbiəti duymaq, onun keşiyində durmaqdır. Təbiət elə gözəl «sənət əsəri»dir ki, bu əsəri korlamaq bir yana dursun, hətta onu duymamağın özü insanlıqdan kənardır. Bu gün biz hər hansı ağacdan bir budaq qırarkən onu yaralamağımızın fərqinə varmırıq. Axı ağac da canlıdır, o da yaşamaq istəyir.
Təbiət bizim sərvətimiz, var-dövlətimiz, məişətimizin, həyatımızın bir hissəsidir. Biz onu qorumalı, inkişaf etdirməliyik. Son dövrlərdə yaşıllığa verilən diqqət, parkların, ağaclıqların salınması təqdirəlayiqdir. Biz təbiətimizi nə qədər sevsək, onu nə qədər yaxşı mühafızə etsək, o da bizə o qədər qida və şəfa verəcəkdir. Atababalarımızdan bizə yadigar qalan təbiəti, təbiət abidələrini qorumaq, onu gələcək nəsillərə yadigar qoymaq bizim borcumuzdur.
Sonda alim məktəblilərin suallarını cavablandırıb.

GDU-nun Mətbuat Xidməti


Gəncə Dövlət Universitetində AÇIQ DƏRS: TƏBİƏTİ QORUMAQ BORCUMUZDURGəncə Dövlət Universitetində AÇIQ DƏRS: TƏBİƏTİ QORUMAQ BORCUMUZDUR

Oxşar xəbərlər