REKTOR YUSİF YUSİBOV: AZƏRBAYCAN – TÜRKİYƏ ARASINDAKI MÜNASİBƏTLƏR TƏHSİLİMİZDƏKİ BİRGƏ UĞURLARIMIZ ÜÇÜN MÖHKƏM TƏMƏLDİR

REKTOR YUSİF YUSİBOV: AZƏRBAYCAN – TÜRKİYƏ ARASINDAKI MÜNASİBƏTLƏR TƏHSİLİMİZDƏKİ BİRGƏ UĞURLARIMIZ ÜÇÜN MÖHKƏM TƏMƏLDİR Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Nizami yurduna səfəri çərçivəsində Gəncə Dövlət Universitetində olub.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, rektor, professor Yusif Yusibovla görüşən qonağa Gəncə Dövlət Universitetinin keçdiyi şərəfli inkişaf yolu, tədris mühiti, xarici əlaqələri və hazırda həyata keçirilən yerli və beynəlxalq layihələr haqqında məlumat verilib.
Bildirilib ki, bu gün Azərbaycanın bir sıra ali təhsil müəssisələri kimi Gəncə Dövlət Universiteti də özünün müasir inkişaf dövrünü yaşayır. Son illərdə Gəncə Dövlət Universitetinin infrastrukturu yenilənib, maddi-texniki bazası təkmilləşdirilib. Universitetdə yeni – yeni fənn kabinetləri, auditoriyalar və laboratoriyalar istifadəyə verilib, müasir kitabxana sistemi qurulub.
Rektor Yusif Yusibov vurğulayıb ki, infrastruktur və maddi-texniki bazanın müasirlərşirilməsi sahəsindəki yeniliklər universitetin tədris mühitinə və burada aparılan elmi-tədqiqat işlərinin rəqabətqabiliyyətliliyinə müsbət təsir göstərib. Həmçinin Gəncə Dövlət Universitetinin beynəlxalq əməkdaşlıq imkanları artıb. Dünyanın qabaqcıl universitetləri və elm-təhsil mərkəzləri ilə əlaqələr qurulub.
Universitetlərarası əməkdaşlığın üstünlüklərindən danışan professor Yusif Yusibov qonağın diqqətinə çatdırıb ki, respublikamızın qərb bölgəsində pedaqoji kadrların hazırlanmasında böyük ənənəyə malik Gəncə Dövlət Universiteti ilə Türkiyə Respublikasının bir çox universitetləri arasında qarşılıqlı faydalı əməkdaşlıq qurulub. Məhz Türkiyə Respublikasının Mövlanə Mübadilə Proqramı və Avropa İttifaqının “ERASMUS+” beynəlxalq proqramı vasitəsilə GDU-nun bir çox tələbələri akademik mobillik proqramına qoşularaq qardaş ölkənin universitetlərində təhsillərini davam etdiriblər. Həmçinin bir çox müəllim və gənc araşdırmaçılar Türkiyə Respublikasındakı universitetlərə ezam olunublar. Həmin müəllimlər oradakı elm-təhsil və tədris mühiti ilə yaxından tanış olub, elmi-praktik konfrans və simpoziumlarda iştirak ediblər.
Bu gün Azərbaycan – Türkiyə dostluğunun yalnız siyasətdə deyil, həm də elmdə və təhsildə böyük uğurlar qazandığını deyən professor Yusif Yusibov bildirib ki, bu münasibətlər təhsilimizdəki birgə uğurlarımız üçün möhkəm təməldir.
Səfir Erkan Özoral ölkələrimiz arasındakı münasibətlərin ildən – ilə inkişaf etdiyini və bunun digər dövlətlər və xalqlar arasındakı əlaqələrin inkişafı baxımından nümunə olduğunu qeyd edib.

Kəmalə Rəhimli


Oxşar xəbərlər