“İqlimi deyil, özünü dəyiş”

“İqlimi deyil, özünü dəyiş” Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının (KOAZ) dəstəyi, Təhsil Nazirliyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə iqlim dəyişikliyi mövzusunda tədbir keçirilib.
“İqlimi deyil, özünü dəyiş” şüarı ilə keçirilən tədbirin əsas məqsədi BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) fonunda iqlim dəyişikliyi ilə mübarizə aparmaq, ətraf mühitin mühafizəsi, bərabər təhsil və sosial müdafiəni də nəzərdə tutan 17 məqsəd çərçivəsində uşaqların ekoloji biliklərinin artırılması, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşmasından ibarət olub. Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında keçirilən tədbirdə uşaq evləri və internat məktəblərinin şagirdləri, eyni zamanda mərkəzə üzv olan uşaqlar da iştirak ediblər. İştirakçı uşaqların müxtəlif sosial statuslu seçilməsi valideyn himayəsindən məhrum uşaqların sosial inteqrasiyasına dəstək məqsədi daşıyır. Tədbirə KOICA tərəfindən müxtəlif illərdə Koreyada təlimlərə cəlb olunmuş dövlət qulluqçuları da qatılıblar.
Qeyd edək ki, tədbirdə KOICA Azərbaycan Nümayəndəliyin Ölkə üzrə Direktoru Park Kumok, Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Ayla Həsənova, KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə iqlim dəyişmələri üzrə maarifləndirmə və Azərsu ASC-nın Təchizat Şöbəsinin aparıcı məsləhətçisi Nizami Osmanov ətraf mühitin qorunması mövzularında çıxış ediblər. Uşaqlar cizgi filmlərinin personajları ilə yaxından tanış olub, ətraf mühitin qorunması mövzusunda filmlər izləyiblər. Həmçinin, uşaqların ətraf mühitin qorunması ideyalarının rəsmə çevrilməsi, eko-çantaların rənglənməsi və ətraf mühitin qorunması mövzusunda face art da təşkil olunub.
Sonda dizayn olunmuş eko-çantaların təqdimatı olub. Uşaqlar ətraf mühitin qorunmasının vacibliyini dərk edərək bu istiqamətdə hər kəsi sudan qənaət etməyə, ağac əkməyə və zərərli tullantılardan uzaq olmağı tövsiyə ediblər.
Qeyd edək ki, hava, su və torpaq canlı orqanizmlərin yaşaması üçün zəruri vasitələrdir. Belə ki, çirklənmiş hava xəstəliyə və hətta, ölümə səbəb ola bilər, ətraf mühitin çirklənməsi bizim planetin təbii gözəlliyini korlayır. Gəlin, ekologiyanı qaydalarına əməl edək. Hər birimiz bir ağac əkək, təbiət bizim sərvətimiz, məişətimizin, həyatımızın bir hissəsidir. Biz onu qorumalı, inkişaf etdirməliyik. Son dövrlərdə yaşıllığa verilən diqqət, parkların, ağaclıqların salınması təqdirəlayiqdir.




Sifai SƏFƏROVA

Oxşar xəbərlər