Dnepr şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində soydaşlarımızın təhsili üçün əlverişli şərait yaradılıb

Dnepr şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində soydaşlarımızın təhsili üçün əlverişli şərait yaradılıb Ölkəmizin Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov Dnepr şəhərində fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, “Dnepropetrovsk Azərbaycanlıları Liqası”nın təşəbbüsü ilə yaradılmış Mərkəzdə Dneprdə yaşayan soydaşlarımız üçün Azərbaycan dilli həftəsonu orta məktəb də fəaliyyət göstərir. Liqanın sədri Sərxoş İsmayılov bu məktəbin 11 ildir fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, hər tədris ilində təxminən 40-50 azərbaycanlı burada təhsil alır. Hazırda böyük və kiçik yaşlar üçün iki qrupda azərbaycanlılar təhsillərini uğurla davam etdirirlər. Mədəniyyət Mərkəzinin nəzdində, həmçinin üç rəqs qrupu, kitabxana fəaliyyət göstərir. Azərbaycanlılardan ibarət “LAD” futzal komandası Dnepr şəhərinin müvafiq turnirlərində yarışır. Onlar artıq bir neçə turnirin qalibi olublar.
Sonra qonaqlar dərsin keçirilməsini əyani surətdə izləyiblər. Soydaşlarımız Azərbaycanın və Ukraynanın dövlət himnlərini səsləndiriblər. Məktəbin müəllimi Könül Ağamalıyeva qeyd edib ki, tədrisin məqsədi Ukraynada doğulub böyüyən soydaşlarımıza Azərbaycan dilini və tarixini öyrətməkdir. Burada təhsil alan şagirdlər vətənpərvər və savadlıdırlar.
Səfirliyin müşaviri V.Süleymanov Mədəniyyət Mərkəzində yaradılan şəraitdən məmnunluğunu vurğulayaraq, Ukraynada yaşayan soydaşlarımıza Azərbaycan dili və tarixinin tədris olunmasının vacibliyini qeyd edib. Bildirib ki, Azərbaycanın Ukraynadakı səfirliyi bu işdə diaspor təşkilatlarımıza dəstək verməyə hazırdır.
Azərbaycan diasporunun üzvü, tarixçi Eldar Tağıyev isə deyib ki, soydaşlarımızın təşəbbüsü ilə Azərbaycanın tarixi sikkələri, pul vahidləri, əşyaları yığılır. Bununla bağlı Dneprdə ayrıca muzeyin yaradılması istiqamətində işlər görülür.

Tehsil-press.az

Oxşar xəbərlər