Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçıları Slavyan Universitetində

Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçıları Slavyan Universitetində Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçısı olan ukraynalı həmvətənlərimiz iyunun 1-də Bakı Slavyan Universitetində (BSU) qonaq olublar. Nümayəndə heyəti BSU-da fəaliyyət göstərən Ukrayna tədris və mədəniyyət mərkəzində ukraynaşünaslıq üzrə təhsil alan tələbələr və BSU-nun professor-müəllim heyəti ilə görüşüblər.
Görüşdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, tanınmış iş adamı Rövşən Tağıyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədr muavini Akif Gülməmmədov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sabiq sədri Anar Tahirov iştirak ediblər.
Vətənində olmaqdan məmnunluğunu bildirən Rövşən Tağıyev Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəaliyyətindən, konqresin Azərbaycan və Ukrayna arasında qurulan əlaqələrin möhkəmlənməsi istiqamətində görülən işlərindən söz açıb. Ümummilli lider Heydər Əliyevin xarici ölkələrdə yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğısıdan danışan sədr Ulu öndərin təşəbbüsü ilə Ukraynanın 10-dan çox regionunda yaradılan diaspor təşkilatların əhəmiyyəti, həyata keçirilən layihələr barədə gəncləri məlumatlandırıb. Rövşən Tağıyev bildirib ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi Ukraynanın ictimai həyatında önəmli rol oynayır. Konqres tərəfindən milli vətənpərvərlik ruhunda təşkil olunan tədbirlərə daim dəstək veririlir, Ukraynanın əksər regionlarında yaşayan soydaşlarımızla əlaqələr qurulur. Bakı Slavyan Universitetininin fəaliyyətini yüksək qiymətləndirən R. Tağıyev Ukraynaşünaslıq üzrə təhsil alan gəncləri ictimai həyatda fəal olmağa səsləyib, bu yolda onlardan dəstəyini əsirgəməyəcəyini vurğulayıb.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədr muavini Akif Gülməmmədov və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sabiq sədri Anar Tahirov tələbələrlə belə görüşlərin vacibliyini diqqətə çatdırıblar. Anar Tahirov Ukrayna Azərbaycanlı Gənclər Birliyinin yaranması, gənclərin ictimai həyatında mühüm rol oynayan təşkilatlara üzv olmalarının əhəmiyyəti barədə danışıb. Qonaqlar Ukraynanın ali təhsil müəssisələri ilə qurulan əlaqələrdə BSU-nun ukraynaşünas tələbələrini fəal iştirak etməyə çağırıblar. Bildirilib ki, ukraynaşünaslıq üzrə təhsil alan savadlı gənclərə daim təlabat var.
Sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb. Qonaqlar Ukrayna tədris və mədəniyyət mərkəzinin “Fəxri qonaqlar” kitabına ürək sözlərini yazıblar.

BSU-nun Mətbuat xidməti


Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçıları Slavyan Universitetində

Oxşar xəbərlər