Xalq artisti filarmoniyaya direktor təyin edildi

Xalq artisti filarmoniyaya direktor təyin edildi Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə tanınmış opera müğənnisi, Xalq artisti Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib.
Mədəniyyət və Turizm Nazirliyindən Təhsil-press.az-a verilən məlumata görə, bu gün şəhərdəki Məhsəti Gəncəvi Mərkəzində direktorun kollektivə təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Nazir Ə.Qarayev dövlətin hər zaman mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğı ilə yanaşdığını, bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələrimiz UNESCO-nun siyahılarına daxil edildiyini deyib.
Nazir həmçinin Gəncə şəhərinin mədəni həyatından danışıb. Bildirib ki, Gəncə tarixən Azərbaycanın, eləcə də Şərqin böyük mədəniyyət mərkəzi olub: "Gəncə Azərbaycanın ədəbiyyatına, mədəniyyətinə və incəsənətinə böyük şəxsiyyətlər bəxş edib. Bu ənənə davam etməlidir. Bu işdə uzun illər fəaliyyət göstərən, özünün ənənələri formalaşan Gəncə Dövlət Filarmoniyası da layiqincə fəaliyyət göstərməlidir. İndi filarmoniya üçün yeni, müasir bina inşa edilir. İnanıram ki, dövlətin göstərdiyi diqqət və qayğıya Gəncə Dövlət Filarmoniyası da öz yüksək mədəni xidmətləri ilə cavab verəcək".

Təhsil-press.az

Oxşar xəbərlər