Ədəbiyyat Muzeyində ədəbi-musiqili tədbir: “Yüz ilin yaddaşı”

Ədəbiyyat Muzeyində ədəbi-musiqili tədbir: “Yüz ilin yaddaşı” Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Yüz ilin yaddaşı” ədəbi-musiqili tədbiri keçirilib.
Tədbirdə çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov milli təqvimimizdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xüsusi bayram kimi qeyd olunduğunu söyləyib və qarşıdan gələn Yeni il bayramı münasibətilə iştirakçıları təbrik edib.
R.Hüseynov sona çatan 2018-ci ilin dövlətimiz və xalqımız üçün bayram və əlamətdar günlərlə zəngin olduğunu söyləyib. O, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın məhz Azərbaycanda yarandığını xatırladıb. Akademik tariximizdə əhəmiyyətli rol oynamış Azərbaycan Xalq Cümhuriyyətindən (AXC), onun qurucularının siyasi, diplomatik fəaliyyətindən bəhs edib, bu insanların xatirəsinin hər zaman məhəbbətlə anıldığını bildirib. Vurğulanıb ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC gələcək nəsillərin yaddaşında tariximizin ən parlaq səhifələrindən biri kimi qalacaq.
R.Hüseynov Ədəbiyyat Muzeyinin yerləşdiyi binanın tarixi hadisələrə şahidlik etdiyini və Azərbaycan hökumətinin ilk Nazirlər Kabinetinin burada yerləşdiyini diqqətə çatdırıb. Bildirib ki, bu il Ədəbiyyat Muzeyində Azərbaycan dövlətçilik tarixinin şərəfli səhifələrindən olan AXC-nin yaradılmasının 100 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib. Bugünkü tədbir də Cümhuriyyət dövründə Azərbaycan hökumətinin bu binada fəaliyyət göstərməsinin 100 illiyinə həsr olunub.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdləri zəngin konsert proqramı ilə çıxış ediblər. Gənc istedadlar AXC-nin 100 illiyinə həsr edilən şeirlər söyləyib, musiqi və rəqs nömrələri ifa ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər