Cənubi Kuril böhranı: Rusiya Yaponiyadan təminat tələb edir

Cənubi Kuril böhranı: Rusiya Yaponiyadan təminat tələb edir Yaponiya baş naziri Sindzo Abe Cənubi Kuril adalarında yaşayan əhaliyə müraciət edərək, rəsmi Tokionun ərazinin birləşməsindən sonra onları qovmayacağını bildirib.
Rusiya siyasətçiləri isə yapon baş nazirin bu bəyanatına sərt təpki göstəriblər.
Dövlət Dumasının deputatı Anton Morozov rəsmi Moskvanın ərazi məsələsini artıq gözdən keçirmədiyini bidirib: “Biz Yaponiyaya heç bir şərt olmadan sülh müqaviləsini imzalamaq təklifini etdik. Əgər onlar buna razı deyillərsə, özləri bilərlər”.
Senator Frants Klintseviç isə rəsmi Tokioya bu cür bəyanatlar verməkdən çəkinməyi məsləhət görüb. Onun sözlərinə görə, Yaponiya arzu etdiyini ala bilməz, çünki söhbət geniş planda Rusiyanın milli təhlükəsizliyindən gedir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə ərazinin Yaponiyaya avtomatik təslimiyyətindən söhbət gedə bilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, rəsmi Moskva və Tokio tərəflərin milli maraqlarına zidd olmayan hallarda kompromisə gələ bilər.
Qeyd olunur ki, Yaponiya Cənubi Kuril adalarını hələ də “şimal torpaqları” adlandıraraq Rusiyanın buradakı suverenliyini qəbul etmir. Rusiya isə ərazi mübahisəsinin mövcudluğunu qəbul etməyərək, həmin adaların 2-cü dünya müharibəsindən sonra SSRİ-nin tərkibinə keçdiyini bəyan edir.
Kuril məsələsi ucbatından iki ölkə arasında bu vaxta qədər sülh müqaviləsi imzalanmayıb. Qeyri-rəsmi mənbələrə görə, Kreml bu sazişi çox arzulasa da, həmin adalarda NATO hərbi-dəniz qüvvələrinin yerləşəcəyindən ehtiyatlanır və buna görə də Yaponiyadan təminat tələb edir.

Tehsil-press.az

Oxşar xəbərlər