İki qurumdan Xocalı bəyanatı

İki qurumdan Xocalı bəyanatı Azərbaycanın Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar birgə bəyanat yayıb.
Erməni millətçiləri hələ Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) mövcudluğu dövründə 1987-1988-ci illərdən etibarən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatizmin təşviqi və terrorizmin açıq dəstəklənməsi siyasətini yeritməyə başladılar. SSRİ-nin süqutundan dərhal sonra isə, yenicə yaranmış Ermənistan Respublikasının ilk addımları dövlət səviyyəsində zor tətbiqi və Azərbaycana qarşı təcavüzkar müharibə etməkdən ibarət oldu. Bütün bunların nəticəsində Azərbaycan ərazilərinin təqribən beşdə biri işğal edildi, zəbt olunmuş torpaqlarda və Ermənistanın öz ərazisində bir milyondan artıq köklü azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Sözügedən təcavüz zamanı mülki azərbaycanlı əhaliyə qarşı çoxsaylı müharibə, insanlıq əleyhinə cinayətlər o cümlədən, soyqırımı aktları törədildi və bu cinayətlərə görə məsuliyyəti məhz təcavüzkar tərəf olan Ermənistan daşıyır.
Müharibənin gedişinin ən faciəvi səhifəsi Xocalı şəhərinin işğalı ilə əlaqədar oldu. Münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bu şəhərdə 7000 insan yaşayırdı. 1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.
Azərbaycan əmindir ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsinə çıxarılmasına xidmət edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər