Akademik Yaqub Mahmudov: Dünya ermənilərin yalanını çox asan eşidir və ona inanır

Akademik Yaqub Mahmudov: Dünya ermənilərin yalanını çox asan eşidir və ona inanır İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara yaşı 200 ildən yuxarı bircə dənə də olsun ermənilərə məxsus tarixi abidə göstərə bilmirlər.
Bunu institutun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov jurnalistlərə açıqlamasında deyib.
Yaqub Mahmudov bildirib ki, sovet dönəmində soyqırımı cəlladlarını qəhrəman kimi təqdim ediblər: “Erməni-daşnak quldurları türk-müsəlman xalqlarına qarşı Şimali və Cənubi Azərbaycanda, Şərqi Anadoluda və Mərkəzi Asiyada soyqırımları törədiblər. 1918-ci ildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı cinayəti həyata keçirmiş “26 Bakı komissarları” adlandırılan cinayətkar qrupun fəaliyyəti ilə bağlı Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində çoxsaylı yeni faktlar aşkar olunub. 2009-cu ilin yanvar ayında Prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhərinin Sahil bağındakı “26-lar”a məxsus məzarlar şəhər qəbiristanlığına köçürülərkən məzarlıqda 26 deyil, 23 cəsədin qalığı aşkar olunduqdan dərhal sonra institutda xüsusi elmi-tədqiqat qrupu yaradılıb və elmi araşdırmalara başlanılıb. Stepan Şaumyanın başçılıq etdiyi qanlı daşnak-bolşevik rejimi qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş şəkildə və planlı surətdə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı cinayəti həyata keçirib. On minlərlə dinc, silahsız türk-müsəlman əhali – Azərbaycan türkləri, ləzgilər, tatarlar, talışlar, avarlar, kürdlər və digər xalqların nümayəndələri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətlərinə görə amansızcasına qətlə yetirilib”.
Akademik qeyd edib ki, azərbaycanlılara qarşı soyqırımı törətməsini Şaumyan “Biz buna şüurlu şəkildə getdik” və Hamazasp isə “Mən Xəzər dənizi sahillərindən Şahdağına qədər hamını məhv etməyə gəlmişəm” deyərək, hələ o zaman özləri etiraf ediblər.
“Arxiv araşdırmaları zamanı Şaumyanla bağlı aşkar olunmuş bir sənəd xüsusi maraq doğurur. Bu sənəd təkzibolunmaz surətdə sübut edir ki, Anastas Mikoyan kimi Şaumyan da “26-lar” sırasında güllələnməyib. Həmin sənəddən məlum olur ki, “26 Bakı komissarları”nın güllələnməsindən sonra, yəni 1918-ci il sentyabrın 20-dən oktyabrın 1-dək 10 gün ərzində Şaumyana Krasnovodsk həbsxanasında qida verilib. Maraqlıdır ki, qida verilən məhbusların adları və soyadlarının siyahısında Şaumyandan sonra adı göstərilən ikinci məhbus Mikoyandır”, - deyə akademik vurğulayıb.
O bildirib: “Dünya ermənilərin yalanını çox asan eşidir və ona inanır. Bizim həqiqətləri isə qəbul etməyə meyilli deyil. Ona görə də biz daha çox işləməliyik. Təbliğat sistemimizi daha da mükəmməlləşdirməliyik”.
Yaqub Mahmudov deyib ki, Tarix İnstitutunda son illərdə dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımını əks etdirən külli miqdarda arxiv sənədləri gətirilərək toplu şəklində nəşr olunub, tarixçilərimiz bu sənədlər əsasında ölkəmizin bütün bölgələrində həyata keçirilmiş soyqırımlarına ayrı-ayrılıqda tədqiqat əsərləri həsr edib və dünyada yayıblar.

Yaqub Mahmudov
Milli Məclisin deputatı
akademik

Oxşar xəbərlər