ADU-nun Konfutsi İnstitutu turizm sahəsində əməkdaşlığı genişləndirir

ADU-nun Konfutsi İnstitutu turizm sahəsində əməkdaşlığı genişləndirir Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda 18-ci Azərbaycan Beynəlxalq "Turizm və Səyahət" sərgisində iştirak edən Çin Dövlət Turizm Agentliyinin Moskvadakı Nümayəndəliyinin direktor müavini xanım Xuan Yanyan ilə görüş keçirilib. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin ilə Azərbaycan arasındakı turizm əlaqələrinin inkişafı üçün əlverişli şəraitin yaranmasının vacibliyini vurğulayıb, Ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətini diqqətə çatdırıb. R.Abbasov Azərbaycan və Çin arasında turizm sahəsində əməkdaşlığın inkişafının Konfutsi İnstitutu üçün son dərəcə əhəmiyyətli bir iş olduğunu bildirib, Çinin təhsil üzrə turizm sahəsində konsaltinq şirkətlərinin nümayəndələri, çinli səyyah, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin elçisi Çen Lianquan ilə keçirilən görüşlər haqqında danışıb. R.Abbasov həmçinin Konfutsi İnstitutu ilə Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalandığını qeyd edib. Müqavilənin əsas məqsədi turizm sahəsində əməkdaşlığın inkişafına yardım göstərmək, Azərbaycan və Çinin turizm ehtiyatlarından səmərəli istifadə, o cümlədən bu istiqamətdəki təşəbbüsləri fəal şəkildə dəstəkləmək, ümumi turist şəbəkəsini formalaşdırmaq, turizm üzrə normativ-hüquqi sənədləri təkmilləşdirmək, vahid informasiya şəbəkəsinin tətbiqini təşviq etməkdən ibarətdir.
Xanım Xuan Yanyan Çin bazarında Azərbaycanın turizm məhsulunun və Azərbaycan bazarında Çin turizm məhsulunun iştirakını, dövlətlərimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsi istiqamətində turizm xidməti keyfiyyətinin artırılmasının əhəmiyyətini vurğulayıb. O, həmçinin turizm üzrə peşəkar kadrların hazırlanması istiqamətində Azərbaycan-Çin əlaqələrinin inkişaf etdirilməsi, ölkələrimizin turizm təşkilatlarının əməkdaşları arasında iş təcrübəsi mübadiləsini, turizmin müxtəlif problemləri barədə mütəşəkkil elmi-tədqiqatlar həyata keçirilməsini, sorğu-məlumat, metodiki və reklam materiallarının sistematik mübadiləsin aparılmasını vurğulayıb.
Sonra turizm sektoru üzrə peşəkar kadrların hazırlanması istiqamətində, turizm təşkilatlarının əməkdaşları arasında iş təcrübəsi mübadiləsinin aparılması sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

ADU-nun Mətbuat Xidməti


ADU-nun Konfutsi İnstitutu turizm sahəsində əməkdaşlığı genişləndirir

Oxşar xəbərlər