Piter Hakl: tələbələrin turizm tədqiqatlarının işlənib hazırlanması prosesində iştirakları əhəmiyyətlidir

Piter Hakl: tələbələrin turizm tədqiqatlarının işlənib hazırlanması prosesində iştirakları əhəmiyyətlidir Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Avstriyanın Federal Statistika İnstitutunun sabiq baş direktoru Piter Hakl ilə görüş keçirilib.
Dövlət Turizm Agentliyinin (DTA) təşəbbüsü ilə təşkil olunan görüşün məqsədi bu universitet tərəfindən turizm sahəsində statistik məlumatların toplanması və təhlili, elmi tədqiqatların realladşırılması imkanlarını müzakirə etmək olub. Tədqiqat sahəsinin inkişafı DTA-nın universitetin müvafiq istiqamətdə fəaliyyəti ilə bağlı təklif etdiyi yeni strateji planda da əksini tapıb.
Görüşdə P.Hakl ATMU-da fəaliyyət göstərən tədqiqatçıların, eləcə də ali təhsil pilləsinin bakalavriatura və magistratura səviyyələri üzrə təhsil alan tələbələrin turizm tədqiqatlarının işlənib hazırlanması prosesinə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb. O, bu istiqamətdə universitetin professor-müəllim heyəti ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Söhbət zamanı ATMU-nun elm və innovasiya şöbəsinin müdiri Nəsirulla Nəsirli diqqətə çatdırıb ki, universitetin elmi-tədqiqat potensialı həmin araşdırmaların aparılmasına imkan verir.
ATMU rektorunun müşaviri Elvin Yusifli qeyd edib ki, universitet rəhbərliyi turizm sahəsində “dəlil əsaslı” dövlət siyasətinin hazırlanması və icrası prosesinə elmi-tədqiqat müstəvisində töhfə verməyə maraqlıdır.

ATMU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər