“Elinanın telefonundan nömrəni çıxarıb votsapı siliblər” - Anası

“Elinanın telefonundan nömrəni çıxarıb votsapı siliblər” - Anası Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişi 162 nömrəli məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edən Elina Hacıyevanın yaralı vəziyyətdə məktəbdə çəkilən görüntülərində şok detalı üzə çıxarıb.
Videoda uşaq sorğu-sual edilən zaman arxada kiminsə “inşallah sağ qalmaz” dediyi eşidilir.
Eyni zamanda, mərhumun atası Əhməd Hacıyev də verilişdə həkimlərin onlara yalan informasiya verdiyini açıqlayıb:
“Elinanın anası mənə zəng vurub dedi ki, uşaq 2-ci mərtəbədən yıxılıb. Tez xəstəxanaya getdim və toksikologiya şöbəsində olduğunu bildirdilər. İçəri girəndə gördüm ki, xərəkdə reanimasiya şöbəsinə aparırlar. MRT, Uzi keçirildi. Heç nəyi yox idi. Həkim dedi ki, arxayın ol, heç nəyi yoxdur. Çanağında çatı var.
Hansısa uşağın valideyni ilə sinif rəhbərini qızımın yanına buraxdılar, ancaq anasını yox. Mənə uşağımın ölüm xəbərini başqa adamlar dedi. Həkim axtarırdım ki, heç olmasa o, reanimasiyaya girib mənə bir xəbər versin. Reanimasiyaya çatanda gördüm ki, qapı açıqdır. Uşağın ağzına şlanq salınıb, ancaq aparat qoşulmayıb”.
Daha sonra verilişə telefon bağlantısı ilə qoşulan Elinanın anası Sevil Hüseynova qızının telefonunun gizli şəkildə götürüldüyünü və orada olan bir çox proqramın silindiyini iddia edib:
“Çantasını direktor mənə verib. İçərisində heç nə yox idi. Bir daraq var idi. Dəftər də stolda idi. Uşaq atasına deyib ki, telefonu çantasına qoyub, axtardım yox idi. Xəstəxanada olanda sinif yoldaşına zəng vurdum, ondan sonra telefonu tapıldı. Ancaq içində nömrəsi yox idi, vatsap da pozulmuşdu.
Bizimlə heç bir problemi olmayıb. Yeməyini yeyirdi, telefonla oynayırdı, arada deyirdim, bizimlə vaxt keçirsin.
Mən demirəm günahsızam. Uşaq mənə problemini danışmadı. Ona görə də hiss edə bilməmişəm. Uşağı bu məktəbə qoyan zaman problemlər yaşanmışdı, onu şagirdlər qəbul etmirdi. Mən də 3-4 dəfə direktorla bu barədə danışmışam. Axırda şikayətlərimlə onu bezdirdiyimi söyləyib məni göndərdi”.
S. Hüseynova sosial şəbəkələrdə Elinanı döyməkdə ittiham olunaraq fotoları paylaşılan sözügedən məktəbin 11-ci sinif şagirdi ilə bağlı məsələyə də toxunub:
“Qızım xəstəxanada olanda rəfiqəsi dedi ki, Hüseyn adlı oğlan ona dəhlizdə bir neçə dəfə vurub. Elina qəşəng, sakit qız idi. Bir dəfə hansısa oğlan onun nömrəsini yaymışdı, hətta o oğlanla da danışmışam”.

Tehsil-press.az



Oxşar xəbərlər