Məmmədyarov Polşada daha bir görüş keçirdi

Məmmədyarov Polşada daha bir görüş keçirdi Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində Polşa Prezidenti Kabinetinin rəhbəri, dövlət katibi Kşiştof Şçerski ilə görüşüb.
Görüş zamanı K.Şçerski iki ölkə arasında olan siyasi münasibətlərin əhəmiyyətini, onların strateji xarakter daşıdığını vurğulayıb.
O, Polşa tərəfinin bu əlaqələrin inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməmək niyyətində olduğunu bildirib. Bu xüsusda, Polşanın mərhum Prezidenti Lex Kaçinskinin dövründə ikitərəfli əlaqələrin çox yüksək səviyyədə inkişaf etdiyi yada salınıb və əlavə edilib ki, Polşa tərəfi bu münasibətlərin yenidən həmin səviyyəyə qaldırılması arzusundadır.
E.Məmmədyarov Polşaya səfəri zamanı keçirdiyi görüşlərdən bəhs edərək iqtisadi əməkdaşlıq, o cümlədən enerji, nəqliyyat və digər sahələrdə mövcud perspektivlərin müzakirə edildiyini bildirib. Eyni zamanda nazir K.Şçerskiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib və Polşa tərəfinə Azərbaycanın ərazi bütövlüyü, süverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklidiyinə görə təşəkkür bildirib.
Söhbət əsnasında Polşa tərəfi bir daha Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Tərəflər həmçinin “Şərq Tərəfdaşlığı”nın gələcək perspektivləri və Avropa İttifaqı tərəfindən bu proqramın inkişaf etdirilməsinə daha güclü dəstəyin göstərilməsi ətrafında fikir mübadiləsi aparıb.
Sonra tərəflər Şərqi Avropa məkanında olan vəziyyəti və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər