BDU-nun rektoru BMT Modeli üzrə Milli Konfransda mükafatlandırılan tələbələrlə görüşüb

BDU-nun rektoru BMT Modeli üzrə Milli Konfransda mükafatlandırılan tələbələrlə görüşüb Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev III MilliMUN – BMT Modeli üzrə Milli Konfransda iştirak etmiş BDU tələbələri ilə görüşüb.
Məqsədi gənclərə əsl diplomat təcrübəsini yaşatmaq və BMT-nin simulyativ komitə iclaslarında dünyanın real problemlərinin həlli yollarını tapmaq imkanı verən tədbirdə tələbələr BMT-nin Təhlükəsizlik Baş Assambleyası, Qadınlar Təşkilatı və Ətraf Mühit Proqramının rəmzi komitələrində diplomatiya bacarıqlarını sınaqdan keçirmək imkanı qazanıblar. Onlar, həmçinin qadın və kişi əməyinin bərabər ödənilməməsi məsələsini araşdırıb, rəqəmsal idarəçilik və vətəndaş iştirakına keçidin perspektivləri və toxuculuq sənayesinin ətraf mühitə təsirindən danışıblar.
Konfransın yekununda Bakı Dövlət Universitetinin hüquq fakültəsinin III kurs tələbələri Kənan Xəlilov “Ən yaxşı nümayəndə”, Jalə Rəfiyeva “Ən yaxşı nümayəndə heyəti”, Humay Məmmədova “Ən yaxşı debatçı”, Səlcuq Yusifli “Fəal iştiraka görə xüsusi mükafat”, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi Məryəm Xanbabazadə “Ən yaxşı mövqe sənədi”, IV kurs tələbəsi Rəna Bayramova “Fəal iştiraka görə xüsusi mükafat” nominasiyaları üzrə mükafatlandırılıb.
Azərbaycanda gənclərə göstərilən dövlət qayğısından, onların hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışan rektor Elçin Babayev mükafata layiq görülmüş tələbələri təbrik edib, onlara yeni uğurlar arzulayıb.
Fikir mübadiləsi şəraitində keçən görüşdə tələbələr gələcək planlarından da bəhs ediblər.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanmış “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” layihə əsasında reallaşıb.

BDU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər