Azərbaycanda iki bank faizsiz kredit verəcək - Maliyyə sistemində yeni dövr

Azərbaycanda iki bank faizsiz kredit verəcək - Maliyyə sistemində yeni dövr Bu ildən etibarən maliyyə sektorunda İslam bankçılığı sisteminin tətbiqinə başlanılıb. Artıq ölkədə iki bankda İslam bankçılığı bölməsi fəaliyyət göstərir və hazırda bu istiqamətdə hüquqi və tənzimləyici baza formalaşdırılır. 2026-cı ildən etibarən İslam bankçılıq sisteminin tətbiqi genişləndirilir. Bu sistemin əsas xüsusiyyəti faizsiz fəaliyyət göstərməsidir.

Bəs şəriət prinsiplərinə əsaslanan bu bankçılıq sistemi nə vəd edir? Kimlər və hansı şərtlərlə bu imkanlardan yararlana biləcək?

İslam bankçılığında şəriət qanunları əsas götürülür və yalnız real istehsal və real aktivlərə investisiya qoyuluşuna icazə verilir.

Mərkəzi Bank tərəfindən İslam bankçılığının tətbiqi ilə bağlı qanunvericiliyə dəyişiklik layihəsi hazırlanıb və fevralın 1-dən sistemin tətbiqinə başlanılıb.

Ekspertlərin sözlərinə görə, İslam bankı ilə kommersiya bankı arasındakı əsas fərq biznes kreditlərində özünü göstərir. Kommersiya bankı verdiyi krediti hesablanmış faizlə birlikdə geri tələb edir. Əgər borcalan öhdəliyini yerinə yetirməzsə, əvvəlcədən müəyyən edilmiş girov müsadirə olunur.

İslam bankçılığında isə bank biznesə şərik kimi qoşulur. Müştəri daha çox gəlir əldə edərsə, mənfəət bölüşdürülür. Gəlir az olarsa, bankın payı da azalır. Layihə uğursuz olarsa və gəlir əldə edilməzsə, bank əvvəlcədən razılaşdırılmış şərtlərə uyğun olaraq riski bölüşür.

Hazırda ölkədə İslam bankçılığı üzrə iki əsas məhsul təqdim olunur. Birinci məhsul investisiya əsaslı əmanətdir. Müştəri vəsaitini banka investisiya məqsədilə yerləşdirir və əldə olunan mənfəət tərəflər arasında razılaşdırılmış nisbətdə bölüşdürülür.

İkinci məhsul isə əsasən sahibkarlar üçün nəzərdə tutulub. Məsələn, ticarətlə məşğul olan şəxs mal almaq istəyir, lakin kifayət qədər vəsaiti yoxdur. Bu zaman bank həmin malı alır və müştəriyə müəyyən razılaşdırılmış şərtlərlə təqdim edir. Burada faiz deyil, tərəflər arasında razılaşdırılmış mənfəət mexanizmi tətbiq olunur.

Tehsil-press.az

Oxşar xəbərlər