Azərbaycanda qohum evlilikləri uşaqlıq dövründə görmə pozğunluğuna gətirib çıxarır

Azərbaycanda qohum evlilikləri uşaqlıq dövründə görmə pozğunluğuna gətirib çıxarır Azərbaycanda qohum evlilikləri uşaqlıq dövründə görmə pozğunluğuna gətirib çıxarır.
Bunu Milli Oftalmologiya Mərkəzinin Uşaqlarda gözün patologiyası şöbəsinin həkimi Aysel Əkbərova deyib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən müəyyən edilən zəifgörmə və korluq terminləri görmə itiliyi və görmə sahəsinə əsaslanır.
Həkim qeyd edib ki, dünyada 1.5 milyon gözdən əlil, 5 milyon zəif görən uşaq yaşayır: "Görmə zəifliyinin inkişafı təhsilinə əhəmiyyətli dərəcədə təsir edən uşaqların sayı isə 1.5-2 milyon arasındadır. Dünyadakı gözdən əlilliyin içərisində uşaqçağı görmə qabiliyyətini itirmə iki faiz təşkil edir. Dünyadakı zəif görənlərin 4-12 faizini uşaqlar təşkil edir".
A.Əkbərova əlavə edib ki, körpəlik və uşaqlıq dövründə vaxtından əvvəl doğulmuşların retinopatiyası, anadangəlmə katarakta, anadangəlmə qlaukoma, çəpgözlük və s. kimi xəstəliklərin vaxtında müalicəsi zəifgörmə və görmə qabiliyyətinin itirilməsinin qarşısını ala bilir. Uşaqlarda zəifgörmənin əsas səbəblərinə kortikal görmə pozğunluğu, optik sinir xəstəlikləri, vaxtından əvvəl doğulmuşların retinopatiyası, anadangəlmə anomaliyalar və s. aiddir:
"Böyüklərdə olduğu kimi, uşaqlarda da zəifgörmə və görmə qabiliyyətinin itirilməsinin yayılması cəmiyyətlərin inkişaf səviyyəsindən asılıdır. Yetkin insanlarla müqayisədə uşaqlıq dövründə zəifgörmə səbəblərinin çoxunun qarşısını almaq daha çətindir. Buna görə də uşaqlarda reabilitasiya tədbirlərindən faydalanmaq əhəmiyyətlidir".
Mərkəz rəsmisi hesab edir ki, erkən dövrlərdə reabilitasiya tədbirlərinə başlamaqla funksional görmənin təkmilləşdirilməsi mümkündür. Məktəbəqədər 4-6 yaş dövrü reabilitasiya üçün zəifgörmə cihazlarının başlanıldığı dövrdür:
"Uşaq bu dövrə nə qədər tez başlayarsa, gələcəkdə bu cihazlardan istifadə daha rahat olacaq. Bu cihazların sayəsində uşağın təhsil fəaliyyətində müstəqil iştirakı mümkün ola bilər. Amma bu dövr həmçinin kosmetik narahatlıq və psixoloji reaksiyaların ən çox rast gəlindiyi dövrdür. Bu yaşda uşaqlarda zəifgörmə cihazlarından imtina edilə bilər. 4-6 yaşlı belə uşaqlar artıq digər uşaqlardan daha fərqli olduğunu başa düşür, 7-8 yaşlı uşaqlar isə bu fərqi yaradan zəifgörmə cihazlarına qarşı reaksiya verməyə başlayır. Zəifgörmə reabilitasiyasında, xüsusilə uşaqlıq dövründə tətbiq olunan reabilitasiya işində qrup işi çox önəmlidir. Oftalmoloq, pedaqoq və ailə bu qrupun ən mühüm elementləridir".
Valideynlərə də uşaqların reabilitasiya prosesini dəstəkləmək, zəifgörmə cihazlarından necə istifadə etmək, şəxsi qayğı və həyatlarının davam etdirilməsi ilə bağlı zəruri olan müntəzəm məlumatlar verilməlidir.

Tehsil-press.az


Oxşar xəbərlər