Quba və Xaçmaz rayonlarına infotur təşkil olunub

Quba və Xaçmaz rayonlarına infotur təşkil olunub Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəfəq" Ekoturizm İctimai Birliyinin "Kənd yaşıl turizmin inkişafı istiqamətində təbliğat işlərinin təşkili" layihəsi çərçivəsində Quba və Xaçmaz rayonlarına infotur təşkil olunub.
Layihənin həyata keçirilməsində məqsəd regionlarda müvafiq olaraq istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək, ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və kənd yaşıl turizmi potensialının istehlakçılara çatdırılmasını təşviq etməkdir.
12-14 iyul tarixlərini əhatə edən infoturda 20 nəfərə yaxın KİV, QHT, müxtəlif turizm şirkətlərinin nümayəndələri və digər sosial-fəal gənclər iştirak edib.
İnfoturun ilk günü layihə rəhbəri Vamiq Babayev "Şəfəq" Ekoturizm İctimai Birliyi fəaliyyəti və layihə haqqında məlumat verib. Layihənin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün elan olunan 1-ci qrant müsabiqəsində qalib layihələr sırasında olduğunu deyən V.Babayev layihə çərçivəsində görülən işlərdən danışıb. O, layihənin kənd sakinlərinə sosial-iqtisadi cəhətdən faydalı olmağa, onların maddi rifahlarının yaxşılaşmasına, həmçinin istirahətini səmərəli və keyfiyyətlə həyata keçirmək istəyən şəxslərin kənd turizmi ilə tanışlığına xidmət etdiyini bildirib. İnfotur iştirakçıları fəaliyyətləri ilə bağlı məlumat verdikdən sonra layihəni yüksək qiymətləndirib, kənd turizmi və bu istiqamətdə layihəyə verəcəkləri töhfələr haqqında fikirlərini bölüşüblər. Layihə rəhbəri infoturun proqramı ilə iştirakçıları tanış edib.
Kənd turizminin inkişafına töhfə vermək məqsədilə Quba rayonunun Qəçrəş kəndindəki evlərdə yerləşdirilən iştirakçılar infotur müddətində Quba və Xaçmazın tarixi görməli yerlərinə ziyarət edib, kənd həyatı ilə yaxından tanış olub, müxtəlif kənd təsərrüfatı fəaliyyətlərinə cəlb olunublar.
İştirakçılar Qubanın Afurca kəndində yerli kənd sakinləri ilə görüşüb və onların kənd turizminə müsbət təsirləri barədə fikirlərini bölüşüblər. İştirakçılar, həmçinin həmin ailələrin həyat tərzi ilə maraqlanıb, kiçik təsərrüfatları ilə tanış olub, heyvan kəsimi, kartofun torpaqdan çıxarılması, təbii məhsullardan istifadə etməklə yeməyin hazırlanmasında iştirak ediblər.
İnfotur iştirakçıları həmçinin Qubanın Təngaltı kəndində Vəlvələ çayının yaratdığı Kanyonlara da səfər ediblər.
1946-cı ildə alman əsirləri tərəfindən salınan Qubanın ən qədim parkı Nizami adına parkı gəzən iştirakçılar XIX əsrə aid Qudyalçay üzərindəki qədim Tağlı körpüyə eniblər, dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbədə olublar.
Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev və “Kənd Yaşıl Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin Şimal regionu üzrə əməkdaşı Elşən Məmmədov iştirakçılarla görüşüblər. Görüşdə kənd yaşıl turizmi və onun mahiyyəti, kənd turizminin sosial-iqtisadi, mədəni təsirləri, kənd turizminin təbliğiatı istiqamətində əsas amillər haqqında fikir mübadiləsi aparılıb.
İnfoturun növbəti günündə iştirakçılar Xaçmaz rayonunun Ləcət kənd sakini təsərrüfatçı Amid Xanmetovun təsərrüfatı ilə tanış olublar. A.Xanmetov meyvələrin becərilmə və istehsal üsulları, oradakı şərait və imkanlar haqqında ətraflı məlumat verdikdən sonra infotur iştirakçıları meyvə yığımında iştirak edib və yığdıqları məhsullardan dadaraq, alış ediblər.
İnfotur zamanı Xaçmaz Turizm İnformasiya Mərkəzində Xaçmaz rayonunun icra başçısının müavini Araz Rzayev, mərkəzin rəhbəri Vasif Əhmədov, kənd turizmi fəaliyyəti ilə məşğul olan ailə-kəndli təsərrüfatlarının nümayəndələri ilə görüş keçirilib. Görüşün təşkil olunmasında məqsəd yerli əhali ilə infotur iştirakçıları arasında kənd yaşıl turizmi inkişafı istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması, onların bu fəaliyyət çərçivəsində rastlaşdıqları problemlər, kənd turizminin inkişafını şərtləndirən əsas amillər, kənd evlərində turistlərin qəbulu üçün tələb olunan standartların müzakirəsi və təbliğat işinin artırılması olmuşdur.
İştirakçılar həmçinin Xaçmaz rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə Xaçmaz rayon Heydər Əliyev Mərkəzi, açıq səmada altında Şəxsiyyətlər Muzeyi, Tarix Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, Xaçmaz qülləsini ziyarət ediblər.
Qeyd edək ki, "Kənd yaşıl turizmin inkişafı istiqamətində təbliğat işlərinin təşkili" layihəsi iki mərhələdən ibarət olub. Beləki, layihə çərçivəsində 5-7 iyul tarixlərində bir qrup KİV, QHT, Turizm şirkətləri və digər sosial-fəal şəxslər Lerik və Lənkəran rayonlarının tarixi görməli yerlərinə ziyarət edib, müxtəlif kənd təsərrüfatı işlərinə cəlb olunub, kənd həyatı ilə yaxından tanış olublar.

Mətbuat Xidməti


Quba və Xaçmaz rayonlarına infotur təşkil olunub

Quba və Xaçmaz rayonlarına infotur təşkil olunub

Quba və Xaçmaz rayonlarına infotur təşkil olunub

Quba və Xaçmaz rayonlarına infotur təşkil olunub

Quba və Xaçmaz rayonlarına infotur təşkil olunub


Oxşar xəbərlər