Tələbələrin təhsil haqqı problemini necə həll edək? - THİK sədrindən təklif

Tələbələrin təhsil haqqı problemini necə həll edək? - THİK sədrindən təklif Hər il universitetlər müəyyən plan yerləri elan edir, qəbul prosesi həyata keçirilir və ehtimal olunan gəlirlərə uyğun smeta tərtib edilir. Bir neçə ay və ya bir neçə il sonra tələbənin ailəsində baş vermiş faciə - valideynlərindən birini itirməsi və ya onların yataq xəstəsi olması tələbələrin həm təhsil haqqı ödənişində, həm dərslərində ciddi problemlərə yol açır. Son illər universitetlər də bu problemlə ciddi şəkildə üz-üzə dayanır. Təhsil haqqı ödənişi edə bilməyən tələbələr də əksər vaxtlar imtahanlara buraxılmır.
Tələbələr əksər vaxtlarda da təhsilini dondurmağa məcbur qalır. Bəs nə etməli?
Bu problemlər İcbari Təhsil Sığortası məsələsini gündəmə gətirir. Universitetə ödənişli qəbul olan hər bir tələbənin (imtiyazlı tələbələr istisna) təhsilini sığortalaması həm onların, həm də universitetin işini asanlaşdırmış olar.
Sığorta fondunda toplanılmış məvaciblə də komissiya tərəfindən təhsil xərclərinin qarşılanması nəzərdə tutulan tələbələrin ödənişləri həyata keçirilər.
Azərbaycan Respublikası Prezidentin göstərişi ilə aztəminatlı ailələrin övladlarının bir qisminin təhsil xərcləri hər il Gənclər Fondu tərəfindən elan edilmiş müsabiqəsi əsasında ödənilir.
Prezidentin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında”, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Sərəncamlarına əsasən təhsil müddətində həmin tələbələr təhsil haqqından azad edilir.
O cümlədən "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Şəhid ailəsi statusunu almış ailənin üzvləri təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər; hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar, Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.
Bundan başqa dövlət başçısının müvafiq sərəncamları ilə ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Yəni, dövlət bu istiqamətdə mərhələli şəkildə ciddi işlər aparmaqdadır.
Hazırda biz İcbari Təhsil Sığortası layihəsi üzərində işləyirik. İnanıram ki, bu layihə də təhsil haqqı problemlərinin həllinə öz töhvəsini verə bilər.

Şahin Sərdarlı
ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri,
Mircəlal adına hekayə müsabiqəsinin qalibi,
yazıçı-jurnalist


Oxşar xəbərlər