Məhəbbət Vəliyeva: Təhsil Nazirliyi məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsində çox maraqlıdır

Məhəbbət Vəliyeva: Təhsil Nazirliyi məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsində çox maraqlıdır Təhsil sisteminin formalaşmasında məktəbəqədər təhsil mühüm rol oynayır. Təhsil Nazirliyi məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsində çox maraqlıdır.
Bunu “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimatında jurnalistlərə müsahibəsində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. O bildirib ki, beynəlxalq qiymətləndirmənin nəticələrinə əsasən, ölkəmizdə məktəbəqədər təhsil pilləsinin əhatəliliyi 15 faizdir. Bu ondan xəbər verir ki, Azərbaycanda məktəbəqədər təhsili təmin edən müəssisələr bərabər paylanmayıb. Elə ucqar kəndlərimiz var ki, orada ümumiyyətlə məktəbəqədər təhsil müəssisəsi yoxdur. Məktəblərin bazasında 3-5 yaşlı uşaqların məktəbəqədər təhsil mərkəzlərinin yaradılması uşaqların gələcək təhsillərinə müsbət təsir göstərəcək.
Məhəbbət Vəliyeva vurğulayıb ki, layihənin həyata keçirilməsində əsas məqsəd icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.
Nazir müavini qeyd edib ki, layihə çərçivəsində ucqar kəndlər və sərhəd zonası da daxil olmaqla Bakı, Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba, Xaçmaz, Şabran, Neftçala və Şirvanda ümumilikdə 100 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. Hər mərkəzdə orta hesabla 20 nəfər olmaqla ümumilikdə 2000-dək 3 və 4 yaşlı uşaq məktəbəqədər təhsilə cəlb edilib. Mərkəzlərdə dərslər hər biri 2-2,5 saat olmaqla yerli və eston mütəxəssislərdən ibarət işçi qrup tərəfindən hazırlanmış proqram əsasında aparılır. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası - sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir.
“Ümid edirəm ki, UNİSEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunan “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi bu sahədə öz müsbət nəticələrini göstərəcək”, - deyə Məhəbbət Vəliyeva qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər