Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilib

Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilib Milli Məclisin elm və təhsil komitəsinin iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.

Tehsil-press.az xəbər verir ki, iclasda çıxış edən komitə sədri İsa Həbibbəyli qanun layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, qanun layihəsinə Təhsil, Səhiyyə, Ədliyyə nazirlikləri və Bakı Şəhər İcra Hakimiyyəti rəy göndərib. Rəylərdə müsbət yanaşmalarla bərabər, əlavə təkliflər və qeydlər əksini tapıb. Qanun layihəsinin plenar iclasda müzakirəsi zamanı deputatların səsləndirdikləri təkliflər və adları qeyd edilən nazirliklərin rəylərindəki fikirlər nəzərə alınıb. Rəylərdə müasir dövrün tələblərini əks etdirən təkliflər əksini tapıb.
Komitə sədri əlavə edib ki, verilən təkliflər nəzərə alınaraq qanun layihəsində məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi ilə bağlı maddə ləğv edilib. Eyni zamanda, Təhsil Nazirliyinin təklifinə əsasən, qanun layihəsinə məktəbəqədər təhsil müəssisələrinin profili dəyişdirilmədən hüquqi və fiziki cəhətdən özünü idarəetməyə verilməsi ilə bağlı yeni bir müddəa əlavə edilib. O, həmçinin uşaq bağçaları üçün orta qiymət meyarının tapılmasının vacibliyini qeyd edib.
Qanun layihəsinin əsas anlayışlar hissəsinə “məktəbəqədər təhsil-məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən, ilkin bilik və bacarıq vərdişlərinə mənimsənilməsinin formalaşdırılması prosesi” məzmunlu maddə əlavə edilib.
Sənədə əsasən, məktəbəqədər təhsil müəssisələrində tədris dili Azərbaycan dilidir. Uşaqlara Azərbaycan dilinin öyrədilməsi və onlarda Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə məktəbəqədər təhsil digər dillərdə də aparıla bilər.
Komitə üzvləri və dəvət olunmuş sahə mütəxəssisləri fikir mübadiləsi zamanı qanun layihəsində müasir dövrün tələblərinin nəzərə alınmasını müsbət amil kimi vurğulayıb, irad və qeydlərini diqqətə çatdırıblar.
Müzakirələrin yekununda “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər