“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimatı mərasimi keçirilib

“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimatı mərasimi keçirilib Oktyabrın 17-də “Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimatı mərasimi keçirilib.
Proqram Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dəstəyilə tərtib edilib.
Tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov qeyd edib ki, ölkə əhalisinin təqribi yarısının 29 yaşına qədər olduğunu nəzərə alsaq, gənclər siyasəti sahəsində və gənclərlə birbaşa işləyən mütəxəssislərin hazırlanması olduqca vacib məsələdir. Bizim bu təşəbbüsümüzü dəstəkləyərək keçən ildən BMT-nin Uşaq Fondu bu layihəyə beynəlxalq ekspertləri cəlb edib, gənclər siyasəti və menecmenti sahəsində mütəxəssislər üçün magistr proqramı hazırlamağa başlayıb. Bu işdə əsas tərəfdaşımız Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası olub.
Beynəlxalq ekspertlərinin bu layihədə əməyini yüksək qiymətləndirən nazir deyib: “Ekspertlər qismində Estoniyanın Tallinn Dövlət Universitetinin mütəxəssisləri cəlb olunub. Onlar bu sahədə bir neçə ölkənin qabaqcıl təcrübəsini nəzərdən keçirərək bizim 6 ali təhsil ocağının müəllim və mütəxəssisləri ilə birgə Azərbaycan üçün uyğunlaşdırılmış tədris proqramı hazırlayıblar.
Sevindirici haldır ki, layihənin ikinci mərhələsində - növbəti iki il ərzində Tallinn Dövlət Universitetinin köməyi və UNİCEF-in dəstəyi ilə Azərbaycan və Estoniya arasında “Gənclərlə iş” ixtisası üzrə müəllim mübadiləsi aparılacaq. Əminəm ki, növbəti illərdə hamımız bu proqramın faydasını görəcək və gənclərlə işin daha mütəşəkkil şəkildə həyata keçirilməsinin şahidi olacağıq”.
Sonra UNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardinin, Təhsil nazirinin müavini Firudin Qurbanovun, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovun çıxışları dinlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər