Xaçmazlı gənclər infeksion xəstəliklərdən müdafiə yolları barədə məlumatlandırılıblar

Xaçmazlı gənclər infeksion xəstəliklərdən müdafiə yolları barədə məlumatlandırılıblar Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam böyüyən gənclik” layihəsi üzrə növbəti tədbirini Xaçmaz şəhərində keçirib.

Tədbiri açan Milli Məclisin Xaçmaz rayonundan deputatı Eldəniz Səlimov layihənin mahiyyətindən və gənclər siyasəti sahəsində dövlət tərəfindən atılan önəmli addımlardan danışıb. O qeyd edib ki, Azərbaycanda son dövrlərdə sosial, iqtisadi islahatlarla yanaşı, gənclər siyasəti sahəsində də mühüm işlər görülür. Gənclər Fondunun bu sahədə fəaliyyəti təqdirəlayiqdir. Həyata keçirilən layihələr gənclərin sağlamlıq problemlərinin həllinə kömək edir. Ona görə də regionlarda gənclərin fəallıqlarının artırılmasına xüsusi ehtiyac var. Gənclər siyasəti sahəsində aparılan mühüm islahatlardan region gəncləri də bəhrələnirlər.
Sonra çıxış edən Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova layihənin əsas məqsədinin gəncləri reproduktiv sağlamlıq haqqında maarifləndirmək, onların infeksion xəstəliklərlə bağlı biliklərini artırmaq, gəncləri sağlam yaşam tərzinin təbliğinə cəlb etməkdən ibarət olduğunu bildirib. O, gənclərin sağlamlıq problemlərinin həlli, reproduktiv sağlamlıq, infeksion xəstəliklər və onlardan müdafiə yolları haqqında iştirakçılara məlumat verib. Günel Səfərova Prezident yanında Gənclər Fondunun yaradılmasının beş illiyinin respublikada qeyd olunduğunu və Fondun gənclər üçün imkanlar açdığını vurğulayıb.
Deputat Elşən Musayev bildirib ki, Azərbaycan gəncləri siyasi, sosial və iqtisadi sferalarda olduqca fəaldırlar. Bu gün səhiyyə islahatları gündəmdədir və sağlamlıq həm də bizim özümüzdən asılı olan məsələdir. “İnfeksion xəstəliklər pis vərdişlər nəticəsində meydana gəlir və nəticədə genefondumuza ziyan dəyir. Bununla mübarizədə regional layihələrin həyata keçirilməsi xüsusilə vacibdir. Gənclərin sağlam böyüməsi həm də onların idmana cəlb olunmasından asılıdır və bu işdə valideynlər özləri maraqlı olmalıdırlar”.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər