Türkologiya” jurnalının üçüncü nömrəsi çapdan çıxıb

Türkologiya” jurnalının üçüncü nömrəsi çapdan çıxıb Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 3-cü nömrəsi (2019) çapdan çıxıb.
Bu barədə Tehsil-press.az-a jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov məlumat verib. O bildirib ki, “Türkologiya” jurnalının bu nömrəsinə Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Macarıstan türkoloqlarının məqalələri toplanıb. Yeni nömrədə “Dilçilik”, “Ədəbiyyat və folklor”, “Mədəniyyət və incəsənət”, “Müzakirə və diskussiya” rubrikalarında “Ça: axan suyun səsi”, “Xakas dilində qoxu kodu prizmasından dünyanın qavrayışı”, “Təbriz folkloru Sürəyya xan Şapşalın təqdimatında”, “Türk runları vasitəsilə “baş”, “kort” və “stan” sözlərinin rekonstruksiya təcrübəsi” kimi orijinal elmi-nəzəri məqalələr dərc olunub. Jurnalın “Müzakirə və diskussiya” rubrikasında “Kitabi-Dədə Qorqud”a aid yeni əlyazmanın tapılması ilə əlaqədar elmi məqalələr verilib. Bu rubrikada Azərbaycan alimləri Ramazan Qafarlı və Seyfəddin Rzasoyun “Kitabi-Dədə Qorqud”un yeni əlyazması haqqında geniş araşdırmaları, türkiyəli görkəmli alim, professor Osman Fikri Sərtqayanın “Kitabi-Dədə Qorqud”un əlyazmaları haqqında məqaləsi ilə tanış olmaq mümkündür. “Elmi həyat” rubrikasında dünyanın bir çox ölkələrində türkologiya sahəsində keçirilən konfrans və simpoziumlar, bu elmi toplantılarda müzakirə edilən məsələlər barədə məlumat verilib. “Resenziyalar” və “Personalia” rubrikalarında isə türkologiyada əlamətdar hadisələrə dair maraqlı yazılar əksini tapıb.
Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər