"Türkologiya” jurnalının növbəti seminarı keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) “Türkologiya” jurnalının nəzdində növbəti beynəlxalq seminar keçirilib.
Seminarın qonağı Ukrayna Respublikası Kiyev Milli Linqvistika Universitetinin Türk dilləri kafedrasının müdiri, dosent Tatyana Timkova olub.
Tədbiri giriş sözü ilə açan “Türkologiya” jurnalının baş redaktoru, ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, seminarın əsas məqsədi türkologiya elminin nailiyyətlərini və problemlərini görkəmli türkoloqların birgə iştirakı ilə müzakirə etmək, gənc türkoloqları bu elmin canlı əfsanələri ilə görüşdürmək, türkologiya elminin inkişafına, onun digər elm sahələri ilə əlaqəsinin daha sıx qurulmasına və bu elm sahəsinin şaxələndirilməsinə töhfə verməkdir. Akademik qeyd edib ki, “Türkologiya” jurnalı sələfindən fərqli olaraq türkologiyanın bir çox sahələrini də əhatə edir.
T.Timkova Ukraynada aparılan türkoloji tədqiqatlardan danışıb. Kiyev Milli Linqvistika Universitetində türk dillərinin tədrisindən söhbət açan dosent bildirib ki, universitetdə Azərbaycan dili və ədəbiyyatı da tədris olunur. O, Ukraynanın bir neçə universitetində türkoloji tədqiqatlar aparıldığını və bu sahədə xeyli araşdırmaçının çalışdığını qeyd edib.
Sonra “Türkologiya” jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov isə Azərbaycanda türkologiya sahəsində geniş və hərtərəfli tədqiqatlar aparıldığını seminar iştirakçılarının nəzərinə çatdırıb.
Seminarın sonunda T.Timkova seminar iştirakçılarına təşəkkürünü ifadə edib, ölkəmizi çox sevdiyini, burada insanların çox mehriban olduğunu, onda gözəl təəssürat oyatdığını, Azərbaycana olan marağının onun tarixini, dilini, mədəniyyətini və ədəbiyyatını araşdırmağa sövq etdiyini vurğulayıb.
Daha sonra mövzu ilə əlaqədar müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Seminarda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin, “Türkologiya” jurnalının əməkdaşları, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Bakı Avrasiya Universitetinin tələbələri iştirak ediblər.

ADU-nun Mətbuat Xidməti


"Türkologiya” jurnalının növbəti seminarı keçirilib

Oxşar xəbərlər