Bakı Ali Neft Məktəbində master-klass

Bakı Ali Neft Məktəbində master-klass Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın köməkçisi Emin Hüseynov Bakı Ali Neft Məktəbində (BANM) Biznesin İdarə olunması üzrə Tədris Mərkəzinin “Professional biznes müzakirələri” adlı sessiyaları çərçivəsində MBA tələbələrinə “Daha güclü, inklüziv və dayanıqlı inkişaf: Azərbaycanın nümunəsində” mövzusunda master-klass keçib.
Emin Hüseynov ali məktəbin tələbələrinə bir ölkənin iqtisadi cəhətdən inkişafında əsas üç amilə - daha güclü olmaq, inklüzivlik və dayanıqlılığa diqqət çəkərək, onlar arasında optimal balansın saxlanılmasının vacibliyini xüsusi qeyd edib. Sonra o, təqdimatında iqtisadi inkişaf və onun üç amilini 1995-2019-cu illər üzrə Azərbaycanın nümunəsində izah edib: 1995-2004-cü illər - dirçəlmə və stabillik dövrü, 2005-2014-cü illər - neft bumu dövrü və 2014-2019-cu illər - post-neft dövrü.
“Əsas məsələ bundan sonra başlayır. Gələcəyə necə gedirik? Bundan sonrakı istiqamətimiz və hədəfimiz nədir, hansı strateji planlarımız var? – bu sualların cavabını vermək lazımdır. Önəmli məsələlərdən biri də getdiyimiz yolda risklər və çətinlikləri müəyyən etmək vacibdir. Daha nələr etmək, nələri düzəltmək olar ki, hədəfə çataq” - deyə Emin Hüseynov fikirlərini BANM tələbələri ilə bölüşüb. O, MBA tələbələrini maraqlandıran sualları da cavablandırıb.
Emin Hüseynova “Fəxri qonaq plaketi” təqdim olunub.
Bakı Ali Neft Məktəbinin Biznesin İdarə olunması (MBA) üzrə Tədris Mərkəzi “İdarəçilik idarəçilərdən öyrənilir” şüarı altında fəaliyyət göstərir və tez-tez “Professional biznes müzakirələri” (“Professional Business Talks”) adlı sessiyalar təşkil edir. Bu cür sessiyaların əsas məqsədi tələbələrin biznes sektoru üzrə dünyagörüşünü formalaşdırmaq, onların rəhbər şəxslərlə kommunikasiya yaratmasına və fikir mübadiləsi apara bilmələrinə şərait yaratmaqdır.

Tehsil-press.az

Oxşar xəbərlər