UNEC Rusiyanın İqtisadi Siyasət İnstitutu ilə əməkdaşlığa başlayır

UNEC Rusiyanın İqtisadi Siyasət İnstitutu ilə əməkdaşlığa başlayır Rusiyanın Y.T.Qaydar adına İqtisadi Siyasət İnstitutu ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.
Bunu UNEC-in rektoru, professor Ədalət Muradov “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda söyləyib. O bildirib ki, müqavilə konfrans çərçivəsində imzalanacaq.
Xatırladaq ki, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda 2 günlük beynəlxalq konfrans öz işinə başlayıb.
Konfransa 19 ölkədən nümayəndə qatılıb, 95 xarici olmaqla 22 ölkədən 215 məqalə təqdim edilib. Konfrans çərçivəsində 7 bölmə - “Dövlət idarəetməsinin rəqəmsal transformasiyası”, “Rəqəmsal əməkdaşlığa regional baxış”, “Maliyyə sektorunun rəqəmsallaşması”, “Sosial sahələrin və təhsilin rəqəmsal transformasiyası”, “Rəqəmsal transformasiyada texnoloji, humanitar və etik problemlər”, “Rəqəmsal valyutalar və elektron ticarət: potensial risklər və faydalar”, “Ağıllı şəhər: beynəlxalq təcrübə” üzrə müzakirələr aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər